Populyar İran reperi Əmir Tatalu dekabrın 6-da Türkiyədən deportasiya olunmasının ardınca Tehranda saxlanıb.
İranda bir beçə dəfə saxlanmış reper noyabrın 29-da özünün teleqram kanalında video yerləşdirmişdi.
Videoda onun İstanbulun Sabiha Gökçen hava limanında, əlində təyyarə bileti ilə Tehrana uçan təyyarəyə minməyə hazırlaşdığı görünürdü.
O daha sonra xəbər vermişdi ki, pasportunun müddəti başa çatdığına görə təyyarəyə minə bilməyib.
Deportasiyasını özü tələb edirdi
Bu insidentdən sonra sosial media şəbəkələrində yayılan videolarda onun uca səslə İrana deportasiya olunmasını tələb etməsi görüntülənmişdi.
İran mediası dekabrın 3-də Türkiyə polisinin Tatalunu həbs etdiyini xəbər vermişdi. Polis onu Türkiyədəki İran konsulluğunun şikayəti ilə saxlamışdı.
O konsulluq heyətini təhqir etməsinə dair iddialara görə həbs edilmişdi.
Bu da xəbər verilir ki, əsl adı Əmir Hüseyn Maqsudlu olan reper İran sərhədini keçərkən saxlanıb.
Daha sonra İran ədliyyəsi reperin hərəkətlərinin araşdırıldığını xəbər vermişdi.
Azyaşlılarla bağlı iddialar
İran ədliyyəsinə yaxın Mizan xəbər agentliyi yazır ki, Tataluya qarşı yaşı 18-dən aşağı olanlar və onların ailələri tərəfindən çoxsaylı şikayətlər daxil olub.
Şikayətlər yeniyetmələr Tatalunun İstanbuldakı mülkünə baş çəkdikdən sonra verilmişdi.
Bu da xəbər verilir ki, ziddiyyətli reper 2017-ci il prezident seçkisi zamanı mühafizəkar İbrahim Rəisinin namizədliyini dəstəkləmişdi.
Videoda ovaxtkı seçkidə Həsən Ruhaniyə uduzan və sonralar ədliyyə başçısı təyin edilən Rəisinin Tatalunu təriflədiyi görünür.
İranın nüvə proqramını dəstəkləyən reper 2015-ci ildə özünün musiqi parçalarından birini Fars körfəzində üzən İran hərbi gəmisinin göyərtəsində çəkdirmişdi.
Bəzi xəbərlərə görə Tatalu artıq bir neçə ildir ki, Türkiyədə yaşayırdı.
İctimaiyyətin diqqətini yayındırmaq cəhdi?
Bu da qeyd olunur ki, onun İrana ekstradisiyası və burada həbs olunması sosial mediada qızğın reaksiyalara səbəb olub.
Bəzi müşahidəçilər bildirirlər ki, reperin hay-küylü işi ictimaiyyətin diqqətini ölkədaxili problemlərdən yayındırmaq məqsədi güdür.
Bəziləri isə deyirlər ki, Tatalunun həbsi yeniyetmə Armita Geravəndin ölümünün 40-cı gününə təsadüf edir.
Geravənd bəzi iddialarea görə hicab qaydasını pozması ilə əlaqədar əxlaq polisi ilə üzləşmiş və bundan sonra komaya düşərək vəfat etmişdi.