Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:03

Həbsxanadakı iranlı dissident reper edam olunmasını istəyir


Saman Yasin
Saman Yasin

İranda 2022-ci ilin kütləvi etiraz aksiyaları zamanı həbs olunmuş Saman Yasin həbsxanadan İran ədliyyəsinə müraciət edərək məhkəməsiz olaraq qeyri-müəyyən müddətdə həbsdə saxlanmaqdansa, özü barəsində edam hökmünün çıxarılmasını üstün tutduğunu bildirib.

O bundan əvvəl həbsxanada məruz qaldığı fiziki və psixioloji işgəncələr barədə ətrafı məlumat vermişdi.

Kərəc şəhərindəki Gözəl Hasar həbsxanasında 18 aydır ki, məhbus saxlanan Yasin Instagram hesabından yazır ki, o ədliyyənin ona qarşı bu qəzəb, qısnama və işgəncəsinin səbəbini başa düşə bilmir:

"Sizdən xahiş edirəm ki, məni edam edəsiniz. Mən həbsxana əzablarına və törətmədiyim bir cinayət üçün çəkdiyim məhbusluğun əzabına dözə bilmirəm. Xahış edirəm mənim barəmdə ölüm hökmü verin. Bunu sizdən yazılı şəkildə imzamı və barmaq izimi qoymaqla rica edirəm...Canımı alın, bütün bunlar bitsin”.

İlkin məlumatlarda deyilirdi ki, Yasin 2022-ci ilin sentyabrında keçirilən kütləvi etiraz aksiyaları zamanı yerli polis məntəqəsinə aparılıb və sonradan Tehrandakı Evin həbsxanasına göndəriılib.

“Allaha qarşı müharibə”

Ədliyyəyə bağlı xəbər agentlikləri bildirirlər ki, Yasin “Allaha qarşı müharibə”də ittiham olunur.

Bu maddədə həqiqətən də ölüm cəzası nəzərdə tutulur.

Lakin Ali Məhkəmə Yasinin təkrar mühakimə üçün apellyasiyasını təmin edib və işi təkrarən İnqilab Məhkəməsinə qaytarıb.

Buna baxmayaraq təkrar məhkəmə hələ də keçirilməyib.

Yasin bundan əvvəl xəbər vermişdi ki, həbsxana rəsmiləri onu Kərəc həbsxanasına köçürməzdən əvvəl onunla “edam tamaşası” oynamaqla ona sarsıntı yaşatmışdılar.

Yasin israrla günahsız olduğunu bildirir və bunu çoxsaylı səs yazıları ilə ictimaiyyət arasında yayır.

Bəzi məlumatlara görə o azı bir dəfə aclıq aksiyası keçirib. O 26 fevral tarixli sosial media postunda yazıb:

"Mənim həyatım alt-üst olub. Siz mənim psixi və fiziki sağlamlığımı məndən almısınız. Siz mənimlə edam tamaşası oynadınız, məni ruhi xəstəxanaya saldınız. Başıma gətirmədiyiniz daha nə oyun qaldı? Həyatımı da məndən alın. Mən 18 aydır ki, sizin saxta və yalançı vədlərinizlə yaşayıram. Yorulmuşam. Bitirin bunu!”

Xatırlatma

İranda 9 yaşından yuxarı qızlar və qadınlar üçün hicab 1981-ci ildə, İslam inqilabından iki il sonra icbari edilib.

O vaxt bu qərar hiddətlə qarşılanmış, etirazlara səbəb olmuş, amma yeni hakimiyyət bütün aksiyaları amansızlıqla yatırmışdı.

O vaxtdan bəri İranda bir çox qadınlar hicab qaydasını sistematik şəkildə pozmaqda davam edirlər.

22 yaşlı Məhsa Əmininin ölümü hicaba qarşı müqavimətə yeni təkan verib.

“Qadın, Həyat, Azadlıq” devizi ilə keçirilən etiraz aksiyaları bütün ölkəni bürüyüb.

Bu aksiyalarda iştirak edənlər hicaba qarşı şüarlarla yanaşı, həm də dini hakimiyyətin devrilməsinə çağırışlar edirlər.

İran məşhurları – yazıçılar, aktyorlar, kino sənətçiləri və jurnalistlər aksiyalara dəstək bildirirlər.

İnsan haqları müdafiəçilərinin məlumatına görə İranda son etiraz aksiyalarında 600 nəfər həlak olub, 20 minədək etirazçı həbs edilib.

Bir neçə adam etirazlarda iştirakı ilə bağlı edam olunub.

XS
SM
MD
LG