Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 22:41

İran hakimiyyəti yeni etirazlara hazırlaşır?


Gənc etirazçı Pouya Bakhtiari-nin məzarı

Dekabrın 25-dən etibarən İranın sosial media istifadəçiləri bir çox şəhər və qəsəbələrdə təhlükəsizlik qüvvələrinin yerləşdirildiyini göstərən videoları post ediblər.

AzadlıqRadiosunun farsdilli Farda radiosu bildirir ki, İran boyunca yeni etirazların başlanacağı gözlənilir.

Sosial mediada yayılan videolarda Tehranda və İranın bir sıra başqa iri yaşayış məntəqələrində təhlükəsizlik qüvvələri və iğtişaş polisinin hazır vəziyyətə gətirildiyi görünür.

İran fəalları və etirazçıları bildiriblər ki, dekabrın 26-da, noyabrın 16-da öldürülmüş gənc etirazçı Pouya Bakhtiari-nin qırxıdır.

Rejim öldürülmüş etirazçılar üçün keçirilən yadetmə mərasimlərinin genişlənərək ümumi etiraz aksiyasına çevriləcəyindən narahatdır.

Bu da xəbər verilir ki, etirazlarda öldürülənlərin ailələri təhdid edilir.

27 yaşlı Pouya-nın cəsarəti onu noyabr etirazlarının rəmzinə çevirib.

Onun valideynləri və 11 yaşlı əmisi oğlu da daxil qohumları dekabrın 24-də həbs ediliblər.

Onlar hakimiyyət orqanlarının Pouya-nın qırx məclisinin keçirilməməsi barədə əmrini rədd ediblıər.

Bu da xəbər verilir ki, İran hakimiyyəti noyabr ayında olduğu kimi ölkə boyunca internetin bloklanmasına hazırlaşır.

Bəzi məlumatlara görə internet kəsilməsə də, Məşhəd də daxil bir sıra böyük şəhərlərdə mobil telefon rabitəsində fasilələr qeydə alınıb.

İnternet istifadəçiləri dekabrın 25-də səhər İran ərazisində internetə girişin əhəmiyyətli dərəcədə çətinləşdiyini bildirirlər.

Siyasi fəallar deyirlər ki, bu, hakimiyyətin yeni etirazların qarşısının alınmasına hazırlaşdığını göstərir.

Sosial media istifadəçiləri bunu da qeyd edirlər ki, rejimyönlü qüvvələr, habelə İslam Keşikçilərinə bağlı kiberordu dissidentlərin işlətdikləri heşteqlərə bənzəyən heşteqlərdən istifadə edirlər.

İran hakimiyyət orqanları noyabr ayında baş vermis kütləvi etirazların sosial media tərəfindən qızışdırıldığını bildirir.

XS
SM
MD
LG