Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:41

İrana müalicəyə aparılıb, orada ölənlərin xərcləri...


Astaradan İrana gedən istiqaməti göstərən yol nişanı
Astaradan İrana gedən istiqaməti göstərən yol nişanı

Bacısını İrana müalicəyə aparan Astara rayonun Ərçivan qəsəbə sakini Yunus Orucov qonşu ölkədə başına gələnləri AzadlıqRadiosuna belə nəql edir:

“ Bacımı İranın Ərdəbil şəhərinə müalicəyə apardıq. Orada xəstəxanada yatdı, əməliyyat olundu, rəhmətə getdi. Xəstəxanada hər günə 100 Amerika dolları tələb etdilər, 2000 dollara qədər pul ödədik...”.

“Məhkəmənin qərarına əsasən biz də cənazəni bu tərəfə keçirdik”

Astara rayonu
Astara rayonu

Onun deməsinə görə, cənazəni İrandan gətirmək üçün müəyyən qaydalara əməl etməli olublar:

“Rəşt şəhərində məhkəmə oldu. Məhkəmənin qərarına əsasən biz də cənazəni bu tərəfə keçirdik. Bu işlərə bir gün vaxt getdi...”

“Əzizlərinin cənazəsini İrandan gətirmək üçün borca düşən də olurdu”

Astara rayonunun adının çəkilməsini istəməyən başqa bir sakini də bir neçə il bundan əvvəl İranda xəstəxanada ölən qohumunun cənazəsinin Azərbaycana gətirilməsini belə xatırlayır:

“İranda vəfat etmiş Azərbaycan vətəndaşının cənazəsini bu taya çıxartmaq çox çətin idi. Bizdən pul istədilər. Məhkəmə, filan... Biz cənazəni müsibətlə bu taya çıxartdıq. Əzizlərinin cənazəsini İrandan gətirmək üçün borca düşən də olurdu. Onda sığorta yox idi. Eşitmişəm ki,indi sığortanı tətbiq ediblər...”

Sığorta sənədi
Sığorta sənədi

“Gözümlə görmüşəm, xəstəni qucaqlarında tutub İrana aparırdılar”

İçtimai fəal Asən Həşimli da deyir ki, İrana müalicəyə gedən Azərbaycan vətəndaşları arasında ölüm hadisələri artıb:

“İrana gedənlərin sayı artıqca, orada dünyasını dəyişən vətəndaşlarımızın sayı da artır. Əsasən ölüm hadisələri İrana müalicəyə gedənlərin arasında baş verir.Gözümlə görmüşəm, xəstəni qucaqlarında tutub İrana aparırdılar. Azərbaycan vətəndaşları İranda dünyasını dəyişmiş yaxınlarının cənazəsini gətirməkdə çətinlik çəkirlər.”

“Hər ay belədi”

O deyir ki, bu problem həll edilməlidir:

“Problemdən qaçmaq üçün İrandaki həkimlər çox vaxtı ağır vəziyyətdə olan xəstəni tezliklə geri qaytarmağı tövsiyə edirlər. Oktyabrın 8-də Təbrizdən ağır xəstə olan Azərbaycan vətəndaşını Astara rayonun Mərkəzi Xəstəxanasına gətirdilər.Təcili yardım İranın idi. Həkimləri də gəlmişdi.1-2 saatdan sonra xəstə keçindi. Məşhəd şəhərində daha bir Azərbaycan vətəndaşının öldüyünü deyirlər. Hər ay belədir...”

Təcili yardım maşını
Təcili yardım maşını

Astara rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsi-ndən isə bildiriblər ki, İrandan gətirilən Azərbaycan vətəndaşların cənazələrini onlar qəbul edir:

“Adətən bizim maşınlar İranla sərhəddə olan körpüyə çxır. Onların da təcili yardımı gəlir. Cənazəni təhvil verirlər. Qayda belədir. Başqa rayonları deyə bilmərik.”

Amma ölkədə bəzi sığorta şirkətləri səyahət edən şəxslərə beynəlxalq tibbi sığorta şəhadətnaməsini əldə etməyi təklif edir. Ora ölüm sonrası daşınma xərcləri də daxildir. Amma nədənsə bəzi vətəndaşlar bundan istifadə etmirlər. Bunun səbəbini soruşduqda ya sığorta şirkətini qınayır, ya da bundan xəbərsiz olduqlarını qeydedirlər.

“Azərbaycanda səhiyyə yaxşı olsa...”

A. Həşimov
A. Həşimov

İçtimai fəal Asən Həşimli isə deyir ki, Azərbaycanda səhiyyə yaxşı olsa insanlar elə burda müalicə alar, gedib İranda ölməzlər:

“Dövlət xarici ölkələrdə çətinə düşmüş vətəndaşın arxasında durmalıdır.Ya da İranda rəhmətə getmiş Azərbaycan vətəndaşlarını ölkəyə gətirmək qaydası sadələşdirilməlidir. Sənədləşmələr gömrükdə olmalıdır...”

Məsələyə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Səhiyyə Nazirliyinin rəsmiləri ölkədə tibbi xidmətin keyfiyyətinin aşağı, qiymətlərin isə yüksək olması üzündən insanların malicədən ötrü xaricə üz tutmaları ilə bağlı deyilənləri düzgün saymırlar. Onlar hesab edirlər ki, Azərbaycanda əlverişli, yüksək səviyyəli tibbi xidmət mövcuddur.

XS
SM
MD
LG