Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 23:52

Zumba nədir və onu İranda niyə qadağan ediblər?


İranın ruhani rəhbərləri “Zumba məşğələləri zamanı Latın Amerikası musiqisinə yanbız və ombalarını oynadanlara” xəbərdarlıq edib.

Amma “The New York Times” qəzetinin yazdığına görə bu xəbərdarlığa çox da məhəl qoyan yoxdur.

Məqalədə deyilir ki, son illərdə İranda daha bir inqilab – sağlamlıq inqilabı baş verib. Ölkə boyunca şəhərlərdə çox sayda idman zalları və klubları açılıb.

Hazırda dünyanın bir çox ölkələrində aerobikanın bir növü sayılan Zumba çox populyarlaşıb və İranda bu məşğələlərə qadınlar daha çox maraq göstərirlər.

Amma bu günlərdə İranın idman rəsmiləri Zumba məşğələlərini İslama zidd elan ediblər.

Ölkə boyunca Zumba seksiyaları qadağan edilib. O vaxtdan Zumba məşqçisi Sunny Nəfisinin mobil telefonu susmaq bilmir. Onun keçmiş tələbələri darıxırılar...

Tehrana yağan güclü qarı "Olmaz, olmaz" mahnısıyla qarşıladılar

Tehrana yağan güclü qarı "Olmaz, olmaz" mahnısıyla qarşıladılar
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Gizlində nə edirsiniz edin

Xanım Nəfisi deyir: “Bu söhbəti o qədər böyüdüblər ki, elə bil ölkədə alkoqollu içkilərə icazə verilib.”

Amma Sunny özünü o yerə qoymur. İranda nəyisə qadağan etmək o qədər də asan deyil. O cümlədən də Zumbanı.

Qəzet yazır ki, Zumba fətvası ölkənin yeni nəsli ilə yaşlı ruhani rəhbərləri arasında getdikcə artan uçurumun dərinliyini göstərir.

İnqilabdan bu yana İranda alkoqoldan tutmuş onlarca qadağan tətbiq edilib. Amma təcrübədə bu qadağanların hamısı pozulur.

Ona görə hamı inanır ki, Zumba məşğələləri də ya başqa adla, ya da gizli şəkildə davam edəcək.

Məqalədə deyilir ki, ümumiyyətlə dini hakimiyyət bu məsələyə belə yanaşır: “Gizlində nə edirsinizsə, edin”.

Xanım Nəfisi deyir ki, illərdir Zumba məşğələləri aparır, amma adı “musiqili idman” olub.

Zumbanın bir çox başqa adları da var: “vücud ritmikası”, “ali aerobika” və ya sadəcə olaraq “Mumba”.

İstəyir Zumba olsun, istəyir Mumba

Amma bir də görürsən ki, hansısa məşqçi məşğələlərini elə Zumba adlandırır və ona bir müddət dəyib-dolaşan olmur. Başqaları da dərhal nümunə götürürlər.

Lakin ötən ay İdman Federasiyaları İdarəsinin rəhbəri Əli Məcdaranın imzaladığı sərəncamda deyilir ki, söhbət Zumbadan və ya Mumbadan getmir, şəriətlə bədənin ritmik silkələnməsi və ya rəqs qadağandır.

Bu qadağanın sədası ruhani rəhbərlərdən biri, mötədil prezident Həsən Ruhaninin tərəfdarı Hüseyn Qəyyumiyə də çatıb. O Zumba haqqında heç nə eşitməmişdi. Ona görə də Youtube-da Zumbanı axtarmağa başlayıb. YouTube-da doğrudan da İran Zumbasına aid videolar az deyil.

66 yaşlı molla deyib ki, xroniki artriti olsa da, bu videoları görəndə özünü dingildəməkdən saxlaya bilməyib.

O deyib ki, bir idman məşğələsi kimi Zumba əslində onun kimi qocalara lazım olan şeydir, amma bir ruhani kimi insana ləzzət verən rəqs kimi işlərin günah və haram olduğunu unutmur.

Zumba sanksiyası

Amma xanım Nəfisini dilxor edən İran mollaları yox, bəzi Amerika şirkətləridir. O deyir ki, Facebook səhifəsinə İranda Zumba məşğələləri apardığını yazandan sonra ABŞ-ın Zumba Fitness şirkəti məşqçinin lisenziyasını ləğv edib.

Nəfisinin sözlərinə görə bir çox Amerika şirkətləri İrana qarşı ABŞ sanksiyalarını belə başa düşür.

Amerikadan aldığı məktubda ona bildirilir ki, Zumba İranda sanksiyalara görə qadağandır. Amma burası da var ki, məşqçilik üçün Dubayda keçdiyi kursun pulunu ona qaytarıblar.

Bununla belə, Sunny Nəfisi deyir ki, Tehran və Vaşinqtonun qadağanına baxmayaraq bir yolla öz fəaliyyətini davam etdirəcək.

İranda nəyisə qadağan etmək elə də asan deyil.

“Adını dəyişəcəyəm, vəssəlam” – deyir gənc qadın.

XS
SM
MD
LG