Keçid linkləri

2026, 05 Avqust, çərşənbə, Bakı vaxtı 06:29

İranda 19 yaşlı gənc edam edilib

İran rejimi 'edam maşını'nı sürətləndirir
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

İran rejimi 'edam maşını'nı sürətləndirir (Arxiv videosu)

İranda dekabrın sonu və yanvarda keçirilən etirazlar zamanı saxlanılan 19 yaşlı gənc edam edilib. Bu haqda ABŞ-də yerləşən insan haqları təşkilatı məlumat yayıb.

Arvin Xeyrxahan avqustun 1-də səhər saat 4 radələrində İranın Semnan vilayətindəki Şahrud həbsxanasında edam olunub. İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) bunu gəncin ailəsinə yaxın mənbəyə istinadla bildirib.

Xeyrxahanı Şahrud İnqilab Məhkəməsi "Allaha qarşı düşmənçilik" ittihamı ilə ölüm cəzasına məhkum etmişdi. Apellyasiya instansiyası və İran Ali Məhkəməsi hökmü qüvvədə saxlayıb.

"Iran International" xəbər verir ki, Xeyrxahan iyulun 29-da edam ərəfəsində təkadamlıq kameraya köçürülüb.

Ailəsi iyulun 31-də hökmün icrasının qarşısını almaq ümidi ilə həbsxana qarşısına toplaşıb.

Xeyrxahanın ailəsi ilə son söhbətində belə dediyi bildirilir: "Məni unutmalarına imkan verməyin. Biz vətənimizin azadlığı üçün ayağa qalxdıq. Seçdiyimiz yolun susdurulmasına imkan verməyin".

İranın məhkəmə hakimiyyəti edam xəbərinə hələlik rəsmi münasibət bildirməyib.

Tehran bu ilin əvvəlindəki etirazlara sərt reaksiya verib. Öldürülənlərin sayı dəqiq bilinmir. İnsan haqları qrupları minlərlə etirazçının saxlandığını bildiriblər.

BMT-nin dəstəklədiyi İran üzrə Müstəqil Beynəlxalq Faktaraşdırıcı Missiyası mart ayından bəri etirazlarla bağlı 23 kişinin edam edildiyini açıqlayıb. Etibarlı məlumatlara əsasən isə, dekabrdan bəri 60-dan çox şəxs ölüm cəzasına məhkum edilib.

"Amnesty International" təşkilatının iyulun 28-də yaydığı bəyanata görə, 2026-cı ilin yanvar etirazları ilə bağlı azı 26 nəfər "özbaşına" edam edilib. Təşkilat bildirir ki, bu şəxslər İnqilab Məhkəmələrində ədalətsiz mühakimə olunub və hökmlər işgəncə ilə alınmış ifadələrə əsaslanıb.

2026-cı ilin əvvəlindən indiyədək İranda 430-dan çox insanın, o cümlədən azı 12 qadının edam olunduğu bildirilir.

XS
SM
MD
LG