İranda təhlükəsizlik xidmətləri bir video klipində rəqs etdikləri görünən gənc qızların kimliyini müəyyənləşdirməyə çalışır.
Yerli mənbələrin verdiyi məlumata görə video internetə Tehranın Ekbatan məhəlləsindən yüklənib.
Nigeriyalı müğənni Remanın mahnısının sədaları altında rəqs edən qızların videosu martın 8-də - Beynəlxalq Qadınlar Günündə dərc olunub.
Videonun Ekbatan məhəlləsindəki 13 nömrəli binanın həyətində çəkildiyi məlumdur.
Sosial media platformalarında yayılan video İranda və onun xaricində böyük marağa səbəb olub.
Tehranın məhz bu məhəlləsi
Bu arada həmin məhəlləyə aid Ekbatan adlı Twitter hesabından martın 10-da yazılmış bir postda xəbərdarlıq edilir ki, sözü gedən qızlar həbs edilə və ya pis rəftara məruz qala bilərlər.
Həmin postda bu da qeyd olunur ki, təhlükəsizlik qüvvələri qızların kimliyini müəyyənləşdirmək məqsədilə hazırda 13 nömrəli binanın CCTV kameralarının yazılarını araşdırır.
Bu da xəbər verilir ki, rəqs edən qızların videosunu ilk dəfə dərc etmiş Instagram hesabı da hazırda işləmir.
AzadlıqRadiosunun müxbirləri xəbər verirlər ki, Ekbatan məhəlləsi son 6 ayda Tehranda davam edən etiraz aksiyalarının bir növ episentri olub.
Təhlükəsizlik qüvvələri paytaxtın məhz bu məhəlləsində etirazları yatırmaq üçün son üç ayda çoxsaylı reydlər keçirib.
Burada həyata keçirilmiş kütləvi həbslərə baxmayaraq müxtəlif formada etiraz aktları davam edir.
Xatırlatma
İranda sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb.
Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.
Hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük həyəcan sayılır.
Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər.
Fəalların HRANA agentliyi yanvarın 16-na olan məlumata görə etirazlar ərzində 71-i azyaşlı olmaqla azı 522 nəfərin öldüyünü bildirib.
Bu da xəbər verilir ki, ölənlərin 68 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Ölkədə etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan 100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı xəbər verilir.
Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.
İran etirazlarda iştirakilə bağlı 4 nəfərin edam olunduğunu təsdiq edib.