Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:58

İran və dünya gücləri nüvə sazişini müzakirə edəcəklər


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

Fars körfəzində gərginlik və qarşıdurmanın gücləndiyi bir vaxtda İranla 2015-ci il nüvə sazişini imzalamış beş ölkə bu ayın axırında iclas keçirməyi planlaşdırır.

Britaniya, Fransa, Almaniya, Rusiya və Çin rəsmi adı Birgə Hərtərəfli Hərəkət Planı olan 2015-ci il sazişini qoruyub saxlamaq məqsədilə iyulun 28-də Vyanada görüş keçirəcəklər.

Bu barədə məlumatı Avropa İttifaqının xarici siyasət idarəsi verib.

Rəsmi bəyanatda deyilir ki, görüş Fransa, Almaniya, Birləşmiş Krallıq və İranın ricası ilə keçirilir və 2015-ci il sazişinin tətbiqi ilə bağlı məsələləri müzakirə edəcək.

Prezident Trump ABŞ-ı bu sazişdən çıxaranadək Vaşinqton da bu razılaşmanın tərəfi idi.

2015-ci ilin nüvə sazişi Tehranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində İran üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Vaşinqton bu sazişdən çıxdıqdan az sonra Tehran üzərinə ABŞ sanksiyaları bərpa olunub.

Bu sanksiyalar İran iqtisadiyyatını və maliyyə sektorunu, özəlliklə də neft ixracatını hədəfləyir. Xam neft satışı Tehranın əsas xarici valyuta gəliri mənbəyidir.

Neft üzərinə qoyulan sanksiyalar İrandakı daxili vəziyyəti gərginləşdirib.

Buna görə də Tehran bildirib ki, artıq özünün bu sazişin şərtlərinə əməl etməsinin zəruri olmadığını düşünür.

İran iyulun 1-dən ona sazişin icazə verdiyi nüvə limitini aşdığını elan edib. Beləki hazırda İranın sazişin ona verdiyi limitdən daha çox zənginləşdirilmiş uran ehtiyatı var. Tehran bundan başqa uranın zənginləşdirilməsi dərəcəsini də artırdığını bəyan edib.

Bu sazişi imzalamış üç Avropa ölkəsi – Fransa, Almaniya və Britaniya İranı boğucu sanksiyalardan xilas etmək üçün qəliz maliyyə planı təklif etmişdilər.

Məqsəd 2015-ci ildə imzalanmış sazişi qoruyub saxlamaq idi. Lakin son həftələrdə əvvəlcə İran və ABŞ arasında, daha sonra isə Londonla Tehran arasında gərginliyin artması sözü gedən sazişin xilasını mürəkkəbləşdirib.

İyulun 23-də yazdığı tvitdə İranın xarici işlər naziri Javad Zarif Boris Johnson-u Britaniyanın baş naziri seçilməsi münasibətilə təbrik edib.

O İran tankerinin Cəbəllütariqdə saxlanmasına görə baş nazir Theresa May-i günahlandırıb:

"İran qarşıdurma axtarmır. Bizim Fars körfəzində 1500 millik sahil xəttimiz var. Bu bizim sularımızdır və biz onu müdafiə edəcəyik. May hökumətinin İran tankerini ABŞ-ın göstərişi ilə saxlaması açıq və sadə dildə quldurluqdur”.

Vyanda keçiriləcək iclasa Avropa İttifaqı xarici siyasət xidmətinin baş katibi Helga Schmid sədrlik edəcək.

XS
SM
MD
LG