Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:54

ABŞ İrana yeni sanksiyalar elan edir


Foto İranın uğursuz peyk startı zamanı çəkilib
Foto İranın uğursuz peyk startı zamanı çəkilib

Birləşmiş Ştatlar İrana yeni sanksiyalar elan edib. Bu sanksiyalar ölkənin nüvə və raket proqramları ilə bağlı olduqları deyilən 31 alim və mühəndisi, habelə şirkətləri hədəfləyir.

ABŞ Dövlət Departamentinin martın 22-də yayılmış bəyanatında deyilir ki, sanksiya siyahısındakı 14 fərd və 17 hüquqi şəxs İranın Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatına bağlıdır.

Bəyanatda bildirilir ki, farsca qısa adı SPND olan bu qrup ölkə nüvə proqramının keçmiş başçısı Mohsen Fakhrizadeh tərəfindən yaradılıb.

Sənəddə bu da qeyd olunur ki, “prezident Donald Trump-ın administrasiyası regionun sabitliyinə və İran xalqına ziyan vuran Tehran rejimi üzərinə təzyiqlərini artırır”.

Administrasiya bildirir ki, bundan məqsəd həm də İranı gələcəkdə nüvə silahı yaratmaq imkanından məhrum etməkdir.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, sanksiyalarla hədəflənənlərin arasında Shahid Karimi qrupu da var. Bu qrup SPND üçün raket və partladıcılarla bağlı layihələri icra edir.

ABŞ bir daha xəbərdarlıq edir ki, İranın müdafiə sənayesi, xüsusilə də SPND ilə işləyən hər bir kəs peşəkar, şəxsi və maliyyə risklərini nəzərə almalıdır.

ABŞ sanksiyaları hədəflənən fərd və vahidlərin Birləşmiş Ştatlardakı aktivlərinin dondurulmasını və onlara səfər qadağanlarının qoyulmasını nəzərdə tutur.

Bu sanksiyaların elan olunduğu əsnada Beyrutda səfərdə olan dövlət katibi Mike Pompeo Livan rəsmilərini İran tərəfindən dəstəklənən Hizbullah hərəkatının fəaliyyətini qısmağa çağırıb.

Pompeo deyib ki, Hizbullah terrorçu təşkilatdır və buna görə də hər hansı siyasətlərin işlənməsində və ya hakimiyyət bölgüsündə iştirak edə bilməz. Hizbullah hazırda Livan hökumətində və parlamentində təmsil olunub.

Martın 21-də İranın ali rəhbəri ayətüllah Ali Khamanei deyib ki, Tehran Vaşinqtonun bütün basqılarına baxmayaraq özünün müdafiə qabiliyyətini gücləndirəcək.

ABŞ BMT-ni bu yaxınlarda keçirdiyi raket sınaqlarına görə Tehran üzərinə sanksiyalar qoymağa çağırıb. ABŞ bildirir ki, İranın iki peyki orbitə çıxarmaq üçün etdiyi uğursuz cəhd də Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

Martın 7-də ABŞ-ın BMT-dəki səfir əvəzi Jonathan Cohen qurumun baş katibi Antonio Guterresə məktubunda “İranın pozucu fəaliyyətlərini” qətiyyətlə pisləyib.

Birləşmiş Ştatlar İranla 2015-ci il sazişindən çıxdıqdan sonra Tehran üzərinə sanksiyaları bərpa edib.

Donald Trump bildirir ki, Tehran raket və nüvə proqramlarını davam etdirməklə 2015-ci il sazişinin “ruhunu” pozub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG