Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 18:27

Bu bayramda Azərbaycana gələn İran vətəndaşlarının sayı azalıb


İran Azərbaycanından gələn turistlər: 'Tiflis burdan ucuzdur'
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

İran Azərbaycanından gələn turistlər: 'Tiflis burdan ucuzdur' (Arxiv. 2018)

Mart ayı iranlı turistlərin xarici ölkələrə ən çox üz tutduğu aydır, axı bayram tətili var. Tətilin dadını çıxarmaq üçün çox sayda İran vətəndaşı martda başqa ölkələri gəzib dolaşır. Azərbaycana gələnlərin də sayı az olmur, tam tərsinə, hər zaman yüksək olur. Pandemiyadan öncənin statistika göstəricilərindən aydın olur ki, digər aylarda Azərbaycana ən çox Rusiya və Türkiyə vətəndaşları səyahət etsə də, martda ilk sıranı İran tuturmuş. Rəsmi bilgilərə görə, 2017-ci ilin martında Azərbaycana 68 min, 2018-ci ilin eyni ayında 71 min İran vətəndaşı gəlibmiş. 2019-cu ildə bu rəqəm təxminən 50 faiz azalaraq 35 min nəfərə enib. İranda dolanışığın çətinləşməsi bu azalmanın səbəbi sayılıb.

Dünyada pandemiya elan edildiyindən 2020-ci ildən bəri turist axını kəsilib. Həmin ilin martında İrandan Azərbaycana cəmi 4 min insan səfərə çıxıb. Bu rəqəm 2021-ci ildə 8 minə, ötən ilsə 15 min 638 nəfərə yüksəlib. İranla Azərbaycan arasında münasibətlərin kəskinləşməsindən, özəlliklə Tehranda Azərbaycan səfirliyinə silahlı basqından sonra tərəflər arasında münasibətlər böhranlı həddə çatıb. Bu üzdən, iranlı turistlərin Novruz bayramı ərəfəsində Azərbaycana səfərlərinə belə olayların təsiri ayrıca maraq doğurur.

Dövlət Turizm Agentliyinin açıqladığı bilgilərə görə, bu ilin martında İrandan Azərbaycana 12 min turist gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz azalma deməkdir. Son bir ildə pandemiya üzündən hər hansı sərtləşmə qeydə alınmayıb, əksinə, bəzi qadağalar aradan qaldırılıb. Deməli, 2023-cü ildə qeydə alınan 22 faizlik azalmanı məhz siyasi durumun pisləşməsinə bağlamaq olar.

Ancaq bu da var ki, İrandan gələn turist sayında ciddi azalma olsa da, iki ölkə arasında idxal və ixrac göstəricilərində azalma gözə çarpmır. Dövlət Gömrük Komitəsinin açıqladığı bilgilərə görə, 2023-cü ilin ilk iki ayında da ticarət əlaqələrinə mənfi təsir qeydə alınmayıb və Azərbaycanla İran arasında 82 milyon dollarlıq alış-veriş gerçəkləşib. Ötən ilin ilk iki ayında bu rəqəm 75 milyon dollar idi. Bu ilin fevralında Azərbaycanın İrandan idxalı 44 milyon dollar olub. Bu, ötən ilin fevralı ilə müqayisədə 10 faiz artım deməkdir.

Rusiyadan gələnlərin sayı çoxalıb

Dövlət Turizm Agentliyinin açıqladığı göstəricilərə görə, 2023-cü ilin martında Azərbaycana ən çox Rusiya vətəndaşları səfər edib. Ötən ay Azərbaycana 43 min nəfər Rusiya vətəndaşı gəlib. Müqayisə üçün: 2022-ci ilin martında bu rəqəm indiki göstərici ilə müqayisədə 2.4 dəfə az - cəmi 18 min nəfər idi. Rusiyadan Azərbaycana gələnlərin sayı hələ də pandemiyadan öncəki göstəricidən aşağı olsa da (2019-cu ildə bu rəqəm 60 min nəfəri ötürdü), indiki rəqəmlərdən aydın olur ki, həmin say digər ölkələrlə müqayisədə ovaxtkı göstəricilərə daha çox yaxınlaşıb. Pandemiyaöncəsi ilə müqayisədə Azərbaycanın quru sərhədlərinin bağlı olduğu da unudulmamalıdır. İndi ölkəyə səfər edənlər yalnız təyyarə ilə Azərbaycana gələ bilir, halbuki pandemiyadan öncə quru sərhədi ilə Rusiyadan Azərbaycana yetərincə çox insan gəlirdi. Rəsmi bilgilərə görə, ötən il Rusiyadan təyyarə ilə səyahət edənlərin 13 faizi Azərbaycana gəlib.

Digər ölkələrlə bağlı durum necədir?

Rusiyadan sonra bu ilin martında Azərbaycana ən çox insanın səfər etdiyi ikinci ölkə Türkiyədir. Ötən ay Türkiyədən Azərbaycana səfər edənlərin sayı 30 min 400 nəfər olub. 2022-ci ildə bu rəqəm 24 min nəfər idi. Deməli, ötən ilin eyni ayı ilə müqayisədə Türkiyədən Azərbaycana səfər edənlərin sayı cəmi 25 faiz artıb. Ancaq bir məqam da diqqət çəkir: Türkiyədən Azərbaycana səfər edənlərin sayı pandemiyaöncəsi göstəriciləri ötüb. 2019-cu ilin martında Azərbaycana gələn Türkiyə vətəndaşlarının sayı cəmi 25 min nəfər idi. Gürcüstan (7 min 500 nəfər) və Hindistan (6 min 700 nəfər) vətəndaşları da, martda Azərbaycana ən çox səfər edən ölkələrin ilk beşliyində yer alıblar.

Ötən ilin martında Azərbaycana səfər edənlərin təxminən 65 faizi Rusiya, Türkiyə və İran vətəndaşları olub. Bu ilin martında Azərbaycana 42 faiz çox - toplam 136 min 505 xarici ölkə vətəndaşı səfər edib.

XS
SM
MD
LG