Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:43

Tehran 'dünya müharibəsi' xəbərdarlığı edir


İranın müdafiə naziri Hüseyn Dehqan
İranın müdafiə naziri Hüseyn Dehqan

İranın müdafiə naziri bəyan edib ki, əgər Donald Trump onun ölkəsini təxribata çəksə, müharibə olacaq

və bu müharibə İsrailin və kiçik Körfəz dövlətlərinin “dağılması” ilə nəticələnəcək.

Bəzi Qərb təhlilçiləri bildirirlər ki, Trump-ın ABŞ prezident seçkisində qalib olması Vaşinqtonun İranla nüvə sazişini tərk etməsi kimi bir perspektiv yaradıb.

Özünün seçki kampaniyası ərzində Donald Trump Obama administrasiyasının səyləri ilə əldə olunmuş bu nüvə sazişini Amerika üçün “ən pis razılaşma” adlandırmışdı.

Cənab Trump kütlə qarşısında çıxış edərkən demişdi ki, “bir ali baş komandan kimi bu sazişi cırıb parça-parça edəcək”.

İranın müdafiə naziri Hüseyn Dehqan Tehranda keçirilən təhlükəsizlik konfransında deyib ki, bu nüvə sazişi ABŞ-ın Körfəzdəki müttəfiqlərinin xoşuna gəlmirdi.

Amma nazir bunu da əlavə edib ki, “hərçənd biznesmen olan Trump-ın seçdiyi komanda ona danışdıqlarından fərqli bir yol göstərə bilər”.

“Nəzərə alsaq ki, Trump hər şeyi dollarla ölçür, inanmıram ki, o, bizim ölkəmizə qarşı sərt mövqe tutsun” – deyib İranın müdafiə naziri.

Nazirin fikrincə, “İranın düşmənləri onun qüdrətini düzgün nəzərə almadan, yalnız maddi imkanlarına arxayın ola bilərlər…”

Cənab Dehqan deyib ki, belə bir yanlış zəndlə başlanmış hər hansı müharibə İsrail rejiminin dağılması, bütün regionun alov tutması və dünya müharibəsi ilə nəticələnə bilər.

Nazirin sözlərinə görə müharibənin bir nəticəsi də Fars körfəzinin cənubundakı “şəhər-dövlətlərin” dağılması ola bilər, çünki bu ölkələrin rəhbərliyi ümumxalq dəstəyinə malik deyillər.

Qərb mediası Hüseyn Dehqanın bu sözlərinin Qərbin Körfəzdəki müttəfiqləri - Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətərə aid olduğunu bildirirlər.

Bu arada İranla Qərb arasında nüvə sazişinin qızğın əleyhdarı olan İsrailin baş naziri Benjamin Netanyahu bildirib ki, razılaşmanın ləğv edilməsi istiqamətində Trump administrasiyası ilə işləməyə hazırdır.

“Mən Donald Trump-ı yaxşı tanıyıram. Onun İsrailə münasibəti və dəstəyi aydındır” – deyib Netanyahu.

Qərb təhlilçiləri qeyd edirlər ki, İran və Körfəzin ərəb ölkələri Yaxın Şərqdəki münaqişələrin əks cəbhələrində dayanırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG