Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:07

İranda tələbələr universitetlərə təzyiqin artmasına etiraz edir


Bazar ertəsi, dekabrın 4-də Tehran universitetinin tələbələri universitetin kampusunda toplaşaraq, hökumətin artan təzyiqlərinə etiraz ediblər.
Bazar ertəsi, dekabrın 4-də Tehran universitetinin tələbələri universitetin kampusunda toplaşaraq, hökumətin artan təzyiqlərinə etiraz ediblər.

Dekabrın 7-də keçiriləcək İran Tələbə günü ərəfəsində universitetlərə qoyulan məhdudiyyətlər daha da gücləndirilib. Bu haqda məlumatı yerli mətbuat yayıb.

Gündəlik «Cameeye-Fərda» (Sabahın cəmiyyəti) qəzeti yazıb ki, tələbə birliklərinin planlaşdırdığı toplantıların bir çoxunu hökumət qadağan edib. Qəzetin yazdığına görə, bir sıra universitetlərə xüsusi siyahılar təqdim edilib. Bu siyahılarda yalnız müəyyən siyasi fiqurların keçiriləcək toplantılarda iştirak və çıxış edə biləcəyi göstərilib.

«Ulduzlu» tələbələr

AzadlıqRadiosunun fars xidmətinin (Radio Farda) İrandakı tələbə fəallardan əldə etdiyi məlumata görə, bazar ertəsi günü tələbələr dəstə-dəstə universitetlərin kampuslarına toplaşaraq, tələbələrə və onların öz universitetlərində keçirəcəkləri tədbirlərə qoyulan qadağalara etiraz ediblər. Tələbələr həmçinin, bəzi tələbələr üçün təhsil haqlarının artırılmasına, cinsi ayrıseçkilik və bərabərsizliyə etiraz səslərini ucaldıblar. Bu saata qədər Tehranda yerləşən iki universitet - Tehran və Əllamə Təbatəbai universitetlərində belə etiraz nümayişlərinin keçirildiyi bildirilir.

Dekabrın 2-də Radio Farda 100-dən artıq tələbənin adlarının qarşısında ulduz işarəsi qoyulduğunu bildirmişdi. Bu onların bu tədris ili ərzində universitet tərəfindən qeydiyyata alınmayacağı anlamına gəlir. Mahmoud Ahmadinejad-ın prezidentliyi dövründə ölkənin təhlükəsizlik və xəfiyyə orqanları siyasi cəhətdən şübhəli tələbələrin adlarını işarələmək praktikasına başlayıb. Belə tələbələr sonradan təhsillərini davam etdirmək imkanından məhrum edilirdilər. Nəticədə İran mediası və tələbə çevrələrində «ulduzlu tələbə» ifadəsi meydana çıxıb.

Çıxışlara qadağa

Bazar ertəsi keçirilən nümayişlərin iştirakçıları həm Tələbə günü ilə bağlı qadağalara, həm də «ulduzlu» tələbələrin təhsil hüquqlarının pozulmasına etiraz ediblər.

Hökumətyönlü xəbər agentliyi olan ILNA Tələbə günü münasibətilə İran universitetlərində çıxışları yasaqlanmış tanınmış islahatçı simaların siyahısını dərc edib.

Tehrandakı Əllamə Təbatəbai Universitetinin tələbələri ədliyyə və təhlükəsizlik orqanlarının təzyiqlərinə etiraz edirlər. 4 dekabr, 2017
Tehrandakı Əllamə Təbatəbai Universitetinin tələbələri ədliyyə və təhlükəsizlik orqanlarının təzyiqlərinə etiraz edirlər. 4 dekabr, 2017

Həmədan Universitetinin tibb kolleci Milli Tələbə günü münasibətilə tələbə toplantılarının keçirilməsinə dair bütün ərizələri rədd edib. Kollecin mədəniyyət şöbəsi bu günü rəsmi qeyd edəcəyini və bütün tələbələrin dəvətli olduğunu açıqlayıb. Ancaq islahatlara yaxınlığı ilə seçilən bir sıra siyasi xadim, o cümlədən hüquqşünas və millət vəkili Mahmoud Sadeqi, ortarütbəli din xadimi və hüquqşünas Mohsen Rohami, habelə İranın BMT-dəki keçmiş nümayəndəsi Sadeq Kharrazi-nin sözügedən tədbirlərdə çıxışına icazə verilib.

«Rejimin əsas məqsədlərindən biri müxtəlif təzyiq vasitələrindən yararlanmaqla universitetlərə nəzarət etməkdir... Universitetlər özlərində siyasi partlayış təhlükəsi daşıyır». Bunu Radio Farda-nın keçirdiyi dəyirmi masada siyasi təhlilçi Mehdi Mahdavi Azad deyib.

Prezidentin dediklərinə zidd

İslahatçıların universitet tədbirlərində çıxışına qadağa qoyulması prezident Hassan Rouhani-nin tələbələrə daha çox azadlıq verilməsi zərurətinə dair dediklərinə ziddir.

«Biz çox şadıq ki, indi tələbələrimiz daha ucadan və daha aydın danışır», – Rouhani dekabrın 2-də İranın Sistan əyalətinin Zabul şəhərində, habelə Bəlucistan əyalətində çıxışlarında deyib.

Ölkəboyu Milli Tələbə gününün keçirilməsindən razılıq bildirin Rouhani bəyan edib ki, «Universitetlər müstəqil və azad olmalıdır və bu, İslam inqilabının məqsədlərindən biri olub».

Rouhani vurğulayıb ki, universitetlər də, mədrəsələr kimi, tənqid etməkdə sərbəst olmalıdırlar. «Tələbələr boş danışmırlar», – deyə o əlavə edib.

Bütün bunlara baxmayaraq, son illər ərzində 92 tələbə birliyi, tələbə nəşrlərində çalışan 813 əməkdaş və 8 min tələbə hüquqları fəalı etiraz məktubları yazaraq, İran universitetlərində hakim olan «polis dövləti» və hədə-qorxu atmosferindən, tələbə tədbirlərinin ləğvindən şikayətlənib.

Gündəlik «Cameeye-Fərda» qəzeti bir çox tələbə birliyinin çox güclü təzyiqə baxmayaraq, tədbir keçirmək fikrindən əl çəkmək niyyətində olmadığını yazır.

XS
SM
MD
LG