Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 11:30

İranda qəbir qalmaqalı- Prezident də müdaxilə etdi


İranda qəbirdə gecələyən kişi

İranda evsizlərin qəbirlərə sığınması ölkədə böyük qalmaqala səbəb olub.

Uzun illərdir ki, əlacsızlıqdan Tehran ətrafındakı qəbristanlıqda hazır qəbir yerlərinə sığınan bu insanların arasında kişilərlə yanaşı qadın və uşaqlar da var.

Yoxsulluq içində yaşayan bir kişinin foto və videogörüntüləri hakimiyyətin yuxarı təbəqəsi də daxil olmaqla ölkədə şok və böyük qınağa səbəb olub.

Bu qəbir daxmalar barədə dekabrın 27-də gündəlik “Shahrvand” qəzeti məlumat yayıb.

Onların sayının 50-ə yaxın olduğu və çoxunun narkotik istifadəçisi olduğu bildirilir.

İranda hazır qəbrlərdə gecələyən insanlar
İranda hazır qəbrlərdə gecələyən insanlar

Sosial mediada yayılan fotolar cəmiyyətdə böyük narazılıq doğurub.

Prezident Hassan Rohani bunun hökumət və xalq üçün qəbuledilməz olduğunu bildirib.

“Yoxsulluq, məhrumiyyət, həmçinin problemlərə görə hökumətlə xalq cavabdehlik daşıyır. Mən Qərb ölkələrində evsiz insanların karton qutular, körpülərin altı və metro stansiyalarında yatdıqlarını eşitmişdim, amma qəbirdə yox”, deyə Rohani bildirib.

Prezident bildirib ki, bu cür problemləri həll etmək üçün fikir ayrılıqlarını kənara qoyaraq hamı birləşməlidir.

Rohani bununla Oskar mükafatçısı olan iranlı rejissor Əsgər Fərhadinin çağırışına səs verib.

Fərhadi bu insanların soyuq gecələrdə qəbirlərə sığınmasını rüsvayçılıq adlandırıb və buna görə üzrhaqlıq diləyib.

“Mən bu rüsvayçılığı sizinlə və ölkədə məsul vəzifə tutan hər bir kəslə bölüşmək istəyirəm”, deyə Fərhadi dekabrın 27-də Rohaniyə ünvanladığı məktubda yazıb.

Həmçinin bu məsələ sosial mediada böyük müzakirələrə səbəb olub.

Koohe Sefid Feysbuk səhifəsində yazır ki, hökumət ölkə daxilindəki sosial-iqtisadi problemləri həll etmək əvəzində, Hələbin bərpası kimi xarici layihələri maliyyələşdirir.

Mohesen Eb adlı sakin isə Feysbukda hökuməti imansızlıq və utanmazlıqda günahlandırır.

“Shahrvand” qəzeti yazır ki, təhlükəsizlik qüvvələri bu xəbərdən sonra yerli hakimiyyətin göstərişi ilə evsizləri zorla qəbristanlıqdan çıxarıblar.Qəzetin yazdığına görə, onların çoxu 10 ildir ki, bu qəbrlərdə yaşayırmışlar.

İSNA agentliyinin məlumatına görə, Tehran vilayətinin qubernatoru Sayyed Hossein Hashemi onları narkoman kimi kimi qələmə verir.

O, bu insanların yaxınlıqdakı reabilitasiya düşərgəsinə yerləşdirildiklərini deyir.

İran rəsmilərinin sözlərinə görə, hazırda təkcə paytaxt Tehranda 15 minədək evsiz insan var ki, onların 5 mini qadınlardır.

Amma fəallar onların real sayının bundan iki dəfə çox olduğunu deyirlər.

İranda evsizlərin çoxu narkotik aludəçiləridir. Hazırda 80 milyonluq ölkədə 1 milyon 400 min qeydə alınmış narkoman var. Amma fəallar onların da bundan artıq-2 milyon nəfərdən çox olduğunu deyirlər.

İranda narkomanlığa görə ağır cəza nəzərdə tutulsa da onların sayı hər il artır.

Bunun əsas səbəblərindən biri ölkənin Əfqanıstandan Avropaya narkotik daşınan marşrut üzərində yerləşməsidir.

Qeyd edək ki, Əfqanıstan dünyanın ən böyük narkotik istehsalçısıdır.

BMT-nin oktyabrda yaydığı məlumata görə, 2015-ci illə müqaisədə bu ölkədə tiryək istehsalı 10 faiz artıb.

XS
SM
MD
LG