Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:54

İran ‘strateji müttəfiqi’ Suriyaya dəstəyini davam etdirəcək


İran prezidenti Həsən Ruhani (sağda) Suriyanın xarici işlər naziri Faysal Mekdadı qəbul edib
İran prezidenti Həsən Ruhani (sağda) Suriyanın xarici işlər naziri Faysal Mekdadı qəbul edib

İran prezidenti Həsən Ruhani dekabrın 8-də deyib ki, onun ölkəsi “strateji müttəfiqi” kimi Suriya hökumətini onun vətəndaş münaqişəsində “tam qələbəsinədək” dəstəkləyəcək.

Ruhaninin internet saytında dərc olunmuş məlumatda deyilir ki, İran prezidenti bu bəyanatı Suriyanın xarici işlər naziri Faysal Mekdadı Tehranda qəbul edərkən verib.

Mekdad səfərinin ilk günündə, dekabrın 7-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşmüşdü.

Bu, Mekdadın xarici işlər naziri qismində ilk xarici səfiridir.

O bu vəzifəyə xələfi Vallid əl-Müəllimin vəfatından sonra təyin edilib.

“İşğal edilmiş ərazilər azad olunanadək”

İran Rusiya ilə birlikdə vətəndaş münaqişəsində Suriya prezidenti Bəşər əl-Əsədə həlledici dəstək verib.

Rusiya bu ölkəyə hərbi müdaxilə edəndə Əsəd rejimi çökmək üzrə idi.

Bu münaqişə 2011-ci ilin martında Əsədə qarşı kütləvi etiraz aksiyaları ilə başlanıb.

O vaxtdan bəri Suriya münaqişəsində 400 mindən çox ölən olub, milyonlarla insan qaçqına çevrilib.

Ruhani Mekdada deyib ki, Dəməşq “bütün işğal edilmiş ərazilər azad olunanadək” İsraillə qarşıdurmasını davam etdirməlidir.

İsrail işğalı altında olan ərəb torpaqlarının arasında Suriyaya məxsus Qolan yüksəklikləri də var.

İran və Suriya İsraili tanımırlar və Tehran Fələstinin Həməs və Livanın Hizbullah kimi anti-İsrail təşkilatlarını dəstəkləyir.

İsrail İranı Suriyada hərbi qüdrətini artırmaqda ittiham edir.

İsrail indiyədək bir neçə dəfə Suriyada İranla bağlı obyektlərə hava zərbələri endirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG