Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:29

İranda Soleimani üçün ağlayanlar və ağlamayanlar...


Qasem Soleimani
Qasem Soleimani

AzadlıqRadiosunun müxbiri Farangis Najibullah yazır ki, İranın sosial media istifadəçiləri ölkənin ən qüdrətli sərkərdəsi, general Qasem Soleimani-nin yanvarın 3-də Bağdadda hava zərbəsi ilə öldürülməsinə birmənalı reaksiya göstərməyiblər.

Onlardan bəziləri Soleimani-ni qəhrəman kimi yad etmiş və bu hücuma əmr verdiyinə görə ABŞ prezidenti Donald Trump-ı pisləmişlər.

Lakin bir çox başqaları Soleimani-ni “cani” və “terrorçu” adlandırıblar və onu İraq və Suriyada minlərlə insanın ölümündə ittiham ediblər.

General məhz bu iki ölkədə fəaliyyət göstərən iranyönlü silahlı birləşmələrə rəhbərliyi həyata keçirirdi.

Twitter istifadəçisi Shahin Najafi İran lideri ayətüllah Ali Khamenei-nin Soleimani üçün üç günlük matəm elan etməsini tənqid edib. O ötən ilin sonlarında İranda baş vermiş etirazlar zamanı öldürülənləri yada salıb:

"Bəs noyabrda qətlə yetirilmiş gənclərin ölümü üçün neçə gün yas saxlanmalıdır?”

Amnesty International beynəlxalq insan haqları təşkilatı 2019-cu ilin noyabr etirazlarında azı 304 nəfərin öldürüldüyünü bildirmişdi.

Night_Watch0 adlı istifadəçi isə yazır ki, o İran rejiminin fevralın 11-nədək yaşayacağına inanmır. Həmin gün İslam İnqilabının 41-ci ildönümü qeyd edilməlidir.

Behnam Ghalam adlı istifadəçi isə yazır ki, Soleimani “minlərlə suriyalının və yüzlərlə iraqlının ölümünə, habelə İrandakı iqtisadi miskinliyə görə” məsuliyyət daşıyır.

Ghalam qeyd edir ki, Soleimani İraqa oradakı etirazçılara necə divan tutulmalı olduğunu öyrətmək üçün getmişdi:

“Mən İranın və Yaxın Şərqin adından bu hadisədən çox məmnunam”.

Bəzi iranlılar Soleimani-nin ölümü ilə bağlı ABŞ-a xəbərdalıq edirlər. Instagram istifadəçisi Yazdani yazır:

"Ata öldürülüb, lakin onun silahı bizdə qalır…Millətimiz oyanır”.

Ismael adlı sosial media istifadəçisi isə qeyd edir ki, ABŞ Soleimani-ni öldürməklə İran və İraq arasında təfriqə salmağa çalışıb:

"Soleimani bu şəkildə öldürüldükdən sonra Rohani Amerika ilə eyni danışıqlar masası arxasına keçib necə saziş imzalaya bilər?”

İran istifadəçilərindən biri isə press TV-nin İran xalqını qisasa çağırmasından və iranlıların guya 82 faizinin Amerikaya nifrət etməsini bildirməsindən təəccübləndiyini yazıb:

“Bəlkə mən nəyi isə başa düşmürəm. Bəlkə mən iranlıların Amerikaya nifrət etməyə başladıqları vaxt yuxuda olmuşam”.

AzadlıqRadiosunun farsdilli Farda redaksiyasına bu ruhda olan çox sayda səs mesajları göndərilib:

"İran rejiminin elan etdiyi matəmi elə rejimin özü tutacaq. Bu matəmin İran xalqına heç bir dəxli yoxdur. Qoy bu yası Khamanei və onun çevrəsi saxlasın”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG