Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:06

İran seçkisinin dərsləri


H.Rouhani səs verir.
H.Rouhani səs verir.

Mayın 19-da İranda prezident seçkisində Hassan Rouhani-nin qələbəsi Qərb mediasının aparıcı mövzularındandır.

Kolumbiya Universitetinin professoru Hamid Dabashi «Al Jazeera» televiziyasının saytında yazır ki, bu səsvermə millətin dərindən kök salmış teokratik dövlət qurumlarına qarşı demokratik iradə sərgiləməsi oldu. Demək, Rouhani ilbiz sürətiylə İslam Respublikasını hərbi islamçılığın ideoloji qalasından iqtisadi neoliberalizmin böyük regional dayağına transformasiyasını davam etdirəcək.

MALİYYƏ ƏNGƏLLƏRİ

İranın 80 milyonluq əhalisinin 70 faizindən artığının, 41 milyon nəfərin səsvermə hüququ var. Onlardan 23 milyondan çoxu Rouhani-yə, 15 milyonu isə rəqibi Ebrahim Raisi-yə səs verib.

Müəllif yazır ki, indi millətin demokratik iradəsi Rouhani hökumətinin üzləşdiyi bəzi məqamlarla sınağa çəkiləcək. Axı, o, dünya gücləri ilə imzalanmış nüvə sazişinin orta sinfə iqtisadi gəlir gətirməsinə, hələ ki, nail ola bilməyib.

«Donald Trump ABŞ-ın İranla münasibətlərinin gələcəyinə inam və sabitlik vəd etmir. O, Səudiyyə Ərəbistanına daha çox silah satmağa, israilliləri, onların Sheldon Adelson kimi milyarder tərəfdarlarını sakitləşdirməyə meyllidir. Bütün bunlar Rouhani-nin prezidentliyinə maliyyə əngəlləri yaradır. Amma bir məsələ də var ki, İranın İraq, Suriya və Livanda güclü rolu Birləşmiş Ştatların «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizəsində vacib amil sayılır», – müəllif yazır.

REGİONAL TƏSİR

Təhlildə o da vurğulanır ki, Rouhani-nin qələbəsi bəzi regional məsələlərlə də sınanacaq. İranın yerləşdiyi regionda heç bir ölkə öz sərhədləri çərçivəsində dayanmır, digər ölkələrin daxili işlərinə burnunu soxur – Türkiyədən tutmuş Səudiyyəyə qədər. Bu səbəbdən Rouhani-nin qələbəsinin regionun geosiyasətinə təsiri az ola bilər, lakin regional geosiyasət Rouhani-nin prezidentliyinə ciddi təsir göstərəcək.

«Rouhani nə qədər çox xarici sərmayəni ölkəsinə dəvət edərsə, regionda gərginliyi azaltmağa çalışarsa, ölkəiçi problemləri də o qədər güclü həll edə bilər. Rouhani-nin qələbəsi sağlam orta sinfin köhnələn teokratiyanı üstələməsidir. İslam respublikası qlobal neoliberalizm mühitində mövcudluğunu qorumaq istəyisə, narahat orta sinfə məkanı açmalıdır», – müəllif vurğulayır.

«Rouhani Fransada prezident seçilmiş Macron-un İran versiyasına da çevrilə bilər, Birləşmiş Ştatlarda seçkini uduzmuş Clinton-un da. Marine Le Pen-in Fransada məğlubiyyəti və Trump-ın ABŞ-da qələbəsi də Rouhani və tərəfdarlarına xəbərdarlıq olmalıdır. Yoxsullar və hüquqları alınmışlar genişlənən bazar iqtisadiyyatında qanuni yerlərini tapmasalar, Trump və Le Pen-in daha panik İran versiyası ətrafında toplaşacaqlar»,– məqalədə deyilir.

Ərəb-İslam-Amerika Sammiti. 21 may 2017
Ərəb-İslam-Amerika Sammiti. 21 may 2017

SÜNNİ DİKTATORLARA ŞOK

«Rouhani-nin qələbəsi iranlılardan ötrü yaxşı, Trump və onun sünni müttəfiqlərinə isə pis xəbərdir». «The Independent» qəzetində Robert Fisk belə yazır.

Müəllifin fikrincə, Trump rejimi üçün ona görə pis əlamətdir ki, amerikalıların İran prezidentinə daha asanlıqla nifrət etməsindən ötrü həmin postda keçmiş ədliyyə qatilinin oturmasını istərdi. O, Rouhani-nin rəqibi Ebrahim Raisi-nin əllərinin 1988-ci ildə 8 minədək siyasi məhbusun edam qərarına toxunduğunu qeyd edir.

«Bu seçkinin nəticəsinin Ər-Riyadda Donald Trump-ı qarşılayan diktatorlar və avtokratları necə şoka saldığını təsəvvür edin. Livan, Tunis və Pakistanı çıxmaqla, Səudiyyə sammitinə toplaşmış hər bir müsəlman lideri demokratiyanı zarafat, yaxud məzhəkə sayır. Onlar Ər-Riyada Səudiyyənin şiə İranı və müttəfiqlərinə müharibə yanğısını alovlandırmağa toplaşıblar. Onlar nisbətən mötədil iranlının nisbətən azad seçkidə qələbə qazanmasından qorxacaqlar. Trump-la Ər-Riyadda görüşən 50 diktatorun heç biri belə bir seçki keçirməyə ürək etməz», – müəllif yazır.

XS
SM
MD
LG