Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:17

Nağı Mahmudi: 'Təəssüf ki, İranda azərbaycanlıların belə partiyası yoxdur'


Nağı Mahmudi
Nağı Mahmudi

Mayın 19-da İranda prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi bu ölkədə bəzi etnik qruplar seçkiləri boykota çağırırlar. Onların arasında azərbaycanlılardan da ara-sıra, zəif də olsa, çağırışlar gəlir. Boykotu dəstəkləyənlərdən biri də Almaniyada yaşayan hüquqşünas, bu günlərdə seçkilərlə bağlı GünazTV-də xüsusi proqramlar hazırlayan Nağı Mahmudidir.

O, AzadlıqRadiosuna müsahibəsində seçkilərin boykot edilməsi səbəbləri haqda danışıb:

– Təkcə güney azərbaycanlılardan belə çağırışlar gəlmir. Başqa millətlərdən də etirazlar var. İranda prezident seçkilərində qadınların namizəd olmaq haqları yoxdur. Çünki İranın Ana Yasasında «rical» kəlməsi var və bu da ərəbcə «kişilər» deməkdir, yəni bu, sadəcə, kişilərin namizədliklərini irəli sürə biləcəklərini bildirir. Beləliklə də, bir toplumun, bir cameənin yarısı belə bir hüquqdan, namizəd olmaq haqqından məhrum edilir. Başqa bir məsələ, azərbaycanlılar İranda ən böyük cəmiyyətə sahibdirlər. Amma bu günə qədər onların da içindən prezidentliyə namizədi olub, ancaq seçilməyib. Başqa millətlərin də vəziyyəti belədir. Yəni, bu ölkədə həm millətlərə, həm də qadınlara ayrıseçkilik var. Orda bizim insanların hüquqları təmin edilmirsə, yəni namizədliklərini belə verə bilmirlərsə, o seçkiyə qatılmaq doğru deyil. Sənin o seçkidə haqqın tanınmırsa, ona qatılmağın da mənası yoxdur.

– Nağı bəy, azərbaycanlı namizəd seçkilərdə səs ala bilməyibsə, bəlkə bu, həmin namizədin dəstəyinin, sosial-siyasi dayağının olmaması ilə bağlıdır?

– Ola bilər. Bunu inkar etmək istəmirəm. Əslində, namizəd azərbaycanlıdırsa, azərbaycanlıları düşünən biri olmalıdır. İranda bir çox vəzifələrdə azərbaycanlılar da təmsil olunub. Ancaq onların heç biri öz kimliyini bilən, bunun əsasında hərəkət edən insanlar deyil. Mənim dediyim başqa şeydir, elə namizədlərin meydana çıxmaq fürsəti olsun ki, öz millətinə, öz xalqına dayaq dursun, onların haqlarının irəli sürülməsi yönündə addımlar atsın.

- Yəni, siz vəzifədə olan, yüksək kürsülərdə söz sahibi olan azərbaycanlıların İrandakı soydaşlarının təəssübünü çəkməməkdə ittiham edirsiniz və bu seçimin də bilərək belə aparıldığını deyirsiniz?

– Bəli, dəqiq elədir. Hətta millət vəkilliyi məsələsində də belədir. Çalışırlar o adamlar parlamentə gəlsin ki, bunların hərəkətini kontrol etmək mümkün olsun. İndi parlamentdə 100 nəfərlik türk fraksiyası yaradılıb. Bu da o qədər tələsik yaradılıb ki, onun bir əsasnaməsi belə yoxdur. Hökumət çalışır ki, hər hansı milli istəyi kontrolu altına alsın. Misal üçün, Bahaduri adlı millət vəkili Azərbaycanın milli geyimində Məclisdə çıxış edir, amma başqa tərəfdən arzuları öz ana dilində yazıb-oxumaq, öz mədəniyyətini, kimliyini mənimsəmək olan, bu istiqamətdə yola çıxan milli fəallarımız ağır cəzalar alırlar. Son bir neçə həftədə beş nəfər, 10 il, 5 il, hətta 2 il sürgün cəzası alıb. Bu o deməkdir ki, millətin haqları uğrunda mübarizə apardıqları iddia edilən millət vəkillərinin də hərəkətlərini kontrol edirlər. Necə ola bilər ki, bir milli fəal ağır həbs cəzası alsın, 10 il azadlıqdan məhrum edilsin, ancaq başqa biri Məclisdə milli geyimdə azərbaycanlıların adından danışsın? Burda konflikti, hakimiyyətin proseslərə nəzarətini görürsən.

– Nağı bəy, budəfəki seçkilərdə İranda yaşayan azərbaycanlıların seçkiləri boykot etməsi gözlənilirmi?

– Müzakirələr gedir, belə düşüncələr var. Mənim bir çox dostlarım seçkilərə qatılmamaqda qətiyyətlidirlər. Amma başqa millətlər daha çox təşkilatlanıblar, məsələn, kürdlərin yeddi partiyası bir araya gələrək bəyanat veriblər ki, seçkilərə qatılmayacaqlar və kürdlərdən də seçkilərə getməmələrini istəyiblər. Eyni çağırışda bəlusçuların bir partiyası da bulunub. Onlar İranın Bəlucistan bölgəsində yaşayırlar, vəziyyətləri ağırdır, acınacaqlıdır. Orda zavod-fabrik yoxdur, insanlar ibtidai şəkildə yaşayırlar, sünni məzhəbindən olduqlarından onlara basqılar qat-qat çoxdur. Bəlusçular kimi ərəblərin milli fəalları da seçkilərə qatılmamağa çağırırlar. İranda etnik qruplar arasında seçkilərə qatılmamaq dalğası var. Azərbaycanlılar arasında isə rəsmi bəyanata rast gəlməmişəm. Amma ümumilikdə seçkilərə qatılmamağın tərəfdarları çoxdur.

– Bunu nəyə əsasən deyirsiniz?

– Bir çox dostlarla danışıram, bu haqda yazılar gedir, mən özüm də GünazTV-də keçən həftədən bir proqram başlamışam və bu, dörd həftə davam edəcək. O proqrama gələn qonaqlarım da seçkilərə qatılmamağın tərəfdarıdırlar.

– Bir qədər öncə siz kürdlərin bir neçə qurumunun birgə bəyanat verərək seçkiləri boykot etdiklərini dediniz. Bu ölkədə yaşayan azərbaycanlılar təşkilatlana biliblərmi?

– Təəssüf ki, İranda bizim güclü partiyamız, təşkilatımız yoxdur. Ancaq kürdlərdə var. 1945-ci ildə həm azərbaycanlıların, həm də kürdlərin milli hökuməti quruldu. Kürdlərin milli hökumətinin qurulmasında Pişəvərinin (1945-ci ildə İranda qurulmuş birillik Azərbaycan milli hökumətinin sədri Seyid Cəfər Pişəvəri – red.) də çox böyük rolu olub. Bir il sonra Pişəvərini aldadaraq Sovet hökuməti bura çağırdı. Amma kürdlərdə belə olmadı, onların rəhbərləri İranda qaldı və asıldı. O zamandan Demokrat partiyası güclüdür, kütlə ilə əlaqəsi çox sıxdır. Ona görə də, kürdlərin partiyalarının qərarları önəmli sayılır. O partiya etiraz edəndə bir dükan belə açıq qalmır. Təəssüf ki, azərbaycanlıların belə partiyası yoxdur.

– Bu seçkilərdən nə gözləyirsiniz? Seçkiöncəsi narazılıqlar önə çıxır, boykot çağırışları var. sizcə, bütün bunlar hansısa formada seçkilərin nəticələrinə təsir göstərəcəkmi?

– Məncə, namizədlərin içərisində Hassan Rouhani-nin şansı daha çoxdur. Ancaq o da verdiyi vədlərin heç birinə əməl etməyib. Dörd il öncə Azərbaycanın Urmu şəhərinə gəldiyində vəd verdi ki, 100 gün içində Urmu gölünün qurumaması üçün çox ciddi addımlar atacaq. Orda belə şüarlar səslənirdi: «Gəlin gedək ağlayaq, Urmu gölünü dolduraq». Rouhani onlara qayıdıb dedi ki, «sizin ağlamağınıza gərək yoxdur, oranı mən su ilə dolduracağam». Və ya Azərbaycan türklərinə dil qurumu yaratmaq vədini verdi, ancaq o da söz olaraq qaldı. Ona görə mən şəxsən prezident seçiləcək heç bir namizəddən müsbət addım gözləmirəm. Çünki buna qədər nə azərbaycanlılarla bağlı müsbət addım atılıb, nə də İran çərçivəsində demokratiyaya doğru ilk addımların atılması məqsədilə hər hansı təşəbbüs göstərilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG