Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 22:26

İran Səudiyyə şahzadəsinə 'Hitler bənzətməsinin' cavabını verib


Iran XIN-in sözçüsü Bəhram Qasemi
Iran XIN-in sözçüsü Bəhram Qasemi

İran Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsini “yetkinləşməmiş” adlandırıb. Bundan əvvəl Məhəmməd bin Salman İranın ali rəhbərini “Yaxın Şərqin Hitlerinə” bənzətmişdi.

Reuters agentliyi yazır ki, iki regional rəqib arasında qızışmaqda olan söz müharibəsində İranın Xarici İşlər Nazirliyi Səudiyyə vəliəhdini “regional diktatorların taleyini yada salmağa” çağırıb.

Səudiyyə Ərəbistanının de facto lideri olan Məhəmməd bin Salman İrana münasibətdə sərt ritorikası ilə fərqlənir.

O New York Times qəzetinə müsahibəsində deyib ki, bu ölkəyə təsirini yaymaq imkanı verilməməlidir.

Məhəmməd bin Salman ayətüllah Əli Xameneyini nəzərdə tutaraq deyib: “Biz Avropadan bilirik ki, qılığa girmək kara gəlmir. Biz İrandakı yeni Hitlerin Avropada baş verənləri Yaxın Şərqdə təkrar etməsini istəmirik”.

Onun bu qeydləri Tehranın qəzəbli reaksiyasına səbəb olub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhran Qasemi “macəraçı” vəliəhd şahzadəni “qeyri-yetkinlikdə, hörmətsizlikdə, əsassız fikirlər söyləməkdə” ittiham edib.

Bəhram Qasemi deyib: “Mən ona çox məsləhət görərdim ki, son bir neçə ildə regionun məşhur diktatorlarının taleyi barədə düşünsün”.

Qaseminin fikrincə Məhəmməd bin Salman məhz bu diktatorları özü üçün nümunə seçib.

Şiə İran və sünni Səudiyyə Ərəbistanı arasında regional çəkişmə səngimək bilmir. Ötən həftə Riyad Tehranı qonşu Yəməndəki şiə huti qiyamçılarını dəstəkləməkdə ittiham edib.

Səudiyyə Ərəbistanı habelə İranın İraq və Suriyada artmaqda olan nüfuzundan narahatdır.

Ötən həftə Səudiyyənin rəhbərlik etdiyi Ərəb Liqası İranı ərəblərin daxili işlərinə qarışmamağa çağırıb.

İki ölkə bir-birini həm də Livandakı sabitliyi pozmaqda ittiham edir. İran Livanda şiə Hizbullah təşkilatını dəstəkləyir.

XS
SM
MD
LG