Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Davosda İran-Səudiyyə “söz müharibəsi”


Javad Zarif və Turki Al Faisal-ın bu şəkli Münhendə çəkilib.
Javad Zarif və Turki Al Faisal-ın bu şəkli Münhendə çəkilib.

Bəzi xəbərlərə görə Səudiyyə Ərəbistanı və İranın vəzifəli rəsmiləri Dünya İqtisadi Forumunun keçirildiyi Davosda təşkil olunmuş qapalı görüşdə “söz qırğınına çıxıblar”

Reuters agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanı və İranın vəzifəli rəsmiləri Dünya İqtisadi Forumunun keçirildiyi Davosda təşkil olunmuş qapalı görüşdə “söz qırğınına çıxıblar”.

Bu görüşdə Suriya münaqişəsinin dinc yollarla çözümü məsələsi müzakirə olunmalıydı.

Reuters yazır ki, ötən çərşənbə günü “yalnız dəvətlilərin” iştirakilə keçirilən görüşdə Səudiyyə şahzadəsi Turki al-Faisal və İran xarici işlər naziri Javad Zarif arasında baş vermis çox şiddətli söz atışması Suriya, Yəmən və İraqda təmsilçi müharibə aparan bu iki ölkə arasındakı düşmənçiliyin nə qədər dərinə işlədiyini nümayiş etdirib.

Çox şiddətli söz atışması ...bu iki ölkə arasındakı düşmənçiliyin nə qədər dərinə işlədiyini nümayiş etdirib

Səudiyyə Ərəbistanı və İran arasında diplomatik münasibətlər iki həftə bundan əvvəl, Səudiyyədə şiə ruhani lideri Nimr al-Nimr-in edamı və bunun ardınca Tehranda Səudiyyə səfirliyinə od vurulması ilə qırılıb.

Reuters bildirir ki, bu söz toqquşması gələn həftə Rusiya və ABŞ-ın dəstəyi ilə Suriyaya dair Cenevrədə keçirilməli olan beynəlxalq konfrans planlarını alt-üst edə bilər.

Suriyadakı münaqişədə Tehran prezident Bashar al-Assadı, Səudiyyə isə sünni-ərəb qiymaçıları dəstəkləyir.

İki karın dialoqu

Reuters xəbər verir ki, fotoreportyorlar bu görüşdən əvvəl qapının ağzında bir-birinin əlini sıxan Faisal və Zarif-in şəkillərini çəksələr də, sonradan fotolar dövriyyəyə buraxılmayıb və iki tərəf arasında az-çox hərarətli münasibət də buradaca qurtarıb.

Səudiyyənin Tehrandakı səfirliyi iki həftə əvvəl yandırılıb
Səudiyyənin Tehrandakı səfirliyi iki həftə əvvəl yandırılıb

Bundan sonra Faisal və Zarif BMT rəsmiləri və başqa diplomatlarla dəyirmi masa arxasına keçiblər.

“Bu sanki iki kar arasında dialoq idi” - deyib Reuters-ə adının açıqlanmasını istəməyən iştiraklçılardan biri.

Maraqlıdır ki, Zarif şahzadə Turki ilə onun arasında hər hansı bir görüşün olduğunu danıb.

Səudiyyə rəsmiləri ilə hər hansı görüş keçirib-keçiməyəcəyi barədə suala cavab olaraq Zarif deyib ki, “heç bir məxfi görüş olmayacaq”.

Şahzadə Turki Zariflə eyni tədbirdə iştirak etdiyini bildirsə də, danışıqların məxfiliyini əsas gətirərək hər hansı bir şərh verməkdən imtina edib.

Xəbər verilir ki, sözü gedən görüşdə BMT-nin Suriya məsələləri üzrə xüsusi elçisi Staffan de Mistura, BMT-nin keçmiş baş katibi Kofi Annan, Ərəb liqasının keçmiş misirli baş katibi Amr Moussa, Türkiyə və Qərb ölkələrindən olan diplomatlar iştirak ediblər.

“Şiə-sünni alovunu körükləyənlər…”

Şahidlərin dediyinə görə, görüşü De Mistura açıb və deyib ki, Suriya münaqişəsinin çözümü üçün Cenevrə konfransının vaxtı yetişib.

Lakin görüşdə çıxış edənlərdən bir neçəsi Rusiyanın Suriya münaqişəsindəki rolu və motivləri barədə narahatlıq ifadə edib.

Şahzadə Turki bin Faisal al-Saud Davosda
Şahzadə Turki bin Faisal al-Saud Davosda

​Bu şəxslər Moskva və Tehranla Suriyaya dair hər hansı razılaşmanın mümkün olacağına şübhə etdiklərini bildiriblər, beləki Rusiya və İran hazırkı prezident Assad-ın hakimiyyətdən getməsi məsələsini yaxına buraxmırlar.

Zarif deyib ki, İran münaqişənin siyasi yollarla həllinə tərəfdardır və Suriyada sülhə dair dörd bənddən ibarət planı var, lakin bu barədə yalnız Suriya konfransına dəvət edilərkən açıqlama verəcək.

Bundan sonra İranın xarici işlər naziri heç bir ölkə adı çəkmədən “sünni və şiə müsəlmanlar arasında ədavət alovunu körükləyənləri” kəskin tənqid edib.

Zarif Səudiyyəni, İranla Qərb arasında nüvə sazişinin əleyhinə işləyən ABŞ lobbisinə milyonlarla dollar xərcləməkdə ittiham edib.

O deyib ki, Səudiyyə səfirlik yandırılandan sonra panikaya düşüb və özünə gəlməsi lazımdır.

“Üzünə baxanda mat qalıram…”

Bunun qarşılığında şahzadə Turki İranın Suriya münaqişəsindəki rolunu kəskin tənqid edib və hətta bir ərəb zərb-məsəli də işlədib: “Dediklərin doğrudan da xoşuma gəlir, amma üzünə baxanda mat qalıram”.

Mərhum kral Faisal-ın 70 yaşlı sonbeşik oğlu Turki İranı Suriya torpağında 10 min əsgərlik qüvvə saxlamaqda ittiham edib.

O deyib ki, “Assad öz xalqını qətlə yetirən terrorçudur”.

İştirakçılardan biri Reuters-ə bildirib ki, şahzadənin ağır ittihamları görüşdə olanları şoka salıb.

Görüşdə baş vermiş söz güləşini şərh etməkdən boyun qaçıran Turki deyib ki, İranın İnqilab Keşikçiləri ərəb ölkələrində 120 min döyüşçüyə malik olduqları barədə açıq lovğalıq edirlər.

İran indiyədək İnqilab Keşikçilərinin bəzi zabitlərinin Suriya münaqişəsində həlak olduqlarını etiraf etsə də, bu ölkədə nizami qoşuna malik olmadığında israr edir.

Dəməşqə yaxın siyasətçilər bildirirlər ki, İran xüsusən də Rusiya təyyarələri Suriyada bombardmanlara başlayandan fəallaşıb və hazırda bu ölkənin cəbhə xətlərində yüzlərlə iranlı döyüşür. Onların əksəriyyətinin Hələbdə mənzilləndiyi xəbər verilib.

XS
SM
MD
LG