İran Rusiyanın Su-35 qırıcılarının alınması prosedurunu başa çatdırıb. Bu barədə İranın dövlət televiziyası ölkənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəliyinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Tehran İrana döyüş təyyarələrinin satılması imkanları ilə bağlı bəzi ölkələrə müraciət edib və Rusiya bu müraciətə müsbət cavab verib.
Amma İranın BMT-dəki daimi nümayəndəsi müqavilənin şərtləri, nə vaxt bağlandığı və neçə döyüş təyyarəsinin gətiriləcəyi barədə məlumat verməyib.
Türkiyənin “Anadolu” agentliyi İran mətbuatına istinadən 24 döyüş təyyarəsinin alına bilməsindən yazır.
Eyni rəqəmi daha əvvəl İsrailin "Kanal 12" telekanalı da səsləndirib. Kanalın məlumatlarına görə, söhbət əvvəlcə Misirə satılmalı olan hərbi təyyarələrdən gedir.
"Reuters" in yazdığına görə, hazırda İranda cəmi bir neçə onlarla döyüş təyyarəsi var və ölkənin Hərbi Hava Qüvvələrinin əsasını hələ də 1979-cu il İslam inqilabından əvvəl alınan Amerika təyyarələri təşkil edir.
İran həmçinin Sovet və Rusiya istehsalı olan təyyarələrlə - ilk növbədə MiQ-29 və Su-24 ilə silahlanıb. Əgər razılaşma baş tutarsa "Su-35" İranın arsenalında ən müasir təyyarə olacaq.
Ağ Ev xəbərdarlıq edib ki, Rusiya qırıcılarının tədarükü regionda qüvvələr balansını dəyişə bilər.
Dövlət televiziyasının xəbərinə görə, BMT-nin Tehrana silah tədarükünü qadağan edən ölkədən sanksiyaları götürdükdən sonra İran adı açıqlanmayan bir neçə başqa ölkə ilə qırıcı təyyarələrin alınması ilə bağlı danışıqlar aparıb.
İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Şəhriyar Heydəri hələ bu ilin yanvarında “Tasnim” agentliyinə müsahibəsində Rusiya ilə razılaşmaların əldə olunduğunu, qırıcıların çatdırılmasının yazda baş tuta biləcəyini söyləyib.