Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:19

İran rialla vidalaşır


İranda valyutadəyişmə məntəqələrində 100 ABŞ dollarına bu qədər rial verilir.
İranda valyutadəyişmə məntəqələrində 100 ABŞ dollarına bu qədər rial verilir.

İranın milli valyutası hələ 84 il öncə qrandan riala dəyişdirilib. İndisə prezident Hassan Rouhani-nin kabineti uzun hazırlıqlardan sonra valyutanı tümənə dəyişmək haqda qanun layihəsini irəli sürüb.

Ancaq iyulun 23-də irəli sürülmüş bu qanun layihəsi qüvvəyə minmək üçün parlament tərəfindən təsdiqlənməli və Mühafizəçilər Şurasının xeyir-duasını almalıdır.

Monqol mənşəli «tümən» sözü 10 min deməkdir. Hələ Məhəmməd şah Qacar zamanında (1834-1848) tümən və onun bir hissəsi olan qran İranın milli valyutası idi.

1 TÜMƏN 10 RİAL OLACAQ

Kabinetin katibi Mohsen Haji Mirzaei bildirib ki, hökumətin iqtisadi komissiyası bu məsələni son altı ay ərzində təhlil edib.

M.H.Mirzaei qeyd edib ki, bu addımın məqsədi ictimaiyyətin maliyyə tranzaksiyalarına yardım etməkdir.

O əlavə edib ki, 1 tümən 10 riala bərabər olacaq. Başqa sözlə, tümənə keçid qiymətlərdən bir sıfırın silinməsi deməkdir.

Son onilliklər ərzində adi adamlar «rial» sözünü az-az işlədirdilər. Gündəlik danışıqda, bazar-dükanda və hətta əksər qiymət kağızlarında satıcılar da, alıcılar da «tümən» sözünü işlədirlər. Ancaq təbii ki, rəsmi hökumət və büdcə sənədlərində bütün qeydlərdə rialın adını görmək olur.

10 TÜMƏN 10 MİN TÜMƏN DEMƏKDİR

Valyutanın bu son dəyişdirilməsinin ideya müəllifinin İran Mərkəzi Bankının (CBI) rəhbəri Valiollah Seif olduğu deyilir. Seif bir müddət öncə demişdi ki, son onilliklər yüksəlməkdə olan inflyasiya nəticəsində İranda rial artıq mübadilələrdə iştirak etmir.

İranda İslam inqilabından qabaq dövriyyədə olan 10000 riallıq əskinas
İranda İslam inqilabından qabaq dövriyyədə olan 10000 riallıq əskinas

İran inqilabından öncə 1 ABŞ dollarına 6.7 tümən düşürdüsə, bu gün 3 min rial düşür. Son 10 ilə yaxın müddətdə İran valyutası o qədər dəyər itirib ki, hətta 1 tümən deyəndə, 1000 tümən nəzərdə tutulurdu. Əgər kimsə nəyinsə 10 tümənə olduğunu deyirsə, bu, əslində, həmin malın qiymətinin 10 min tümən, yəni 3.3 dollar olduğu deməkdir.

V.Seif bütün ölkədə qiymətlərdən bir sıfırın silinəcəyini deyib. Ancaq ekspertlər israr edirlər ki, qiymətlərdən daha çox sıfır silinməlidir.

«DÖRDƏ QƏDƏR SIFIR SİLİNSİN»

«İqtisadiyyat Komissiyası təklif edib ki, milli valyutanı yüngülləşdirmək üçün dördə qədər sıfır silinsin. Ancaq son nəticədə bir və ya daha çox sıfırın silinməsi insanların alıcılıq qabiliyyətinə təsir etmir», – deyə komissiyanın sədri Mohammad Reza Pourebrahimi bildirib.

Pourebrahimi əlavə edib ki, daha çox sıfırın silinməsi əməliyyatları sadələşdirir və psixoloji atmosferi yaxşılaşdırır.

Daha öncə Parisdə yaşayan iqtisadiyyat professoru Fereydoun Khavand AzadlıqRadiosunun fars xidməti (Radio Farda) üçün təhlil apararkən vurğulamışdı ki, «milli valyutaya inamı artırmaq üçün bir və ya daha çox sıfırın silinməsi günümüzdə adi haldır».

F.Khavand-in sözlərinə görə, İkinci Dünya müharibəsindən bəri 70-dən çox ölkə, o cümlədən Almaniya, Fransa, Braziliya, Argentina, Türkiyə və Əfqanıstan öz sikkə və əskinaslarından sıfırları silib.

Ancaq Khavand həm də qeyd edib ki, «sıfırların silinməsi yalnız milli iqtisadiyyatın degenerasiyasına yol açan amillərin aradan qaldırıldığı hallarda faydalıdır».

Hazırda İranda işlədilən 10000 riallıq əskinas
Hazırda İranda işlədilən 10000 riallıq əskinas

«İKİ İLDƏN SONRA MÜMKÜN OLACAQ»

Sıfırların silinməsi və milli valyutanın dəyişdirilməsi uzun və xərc tələb edən prosedurdur. Buna görə də, İran Mərkəzi Bankının rəhbəri bu prosedurun addım-addım gerçəkləşdiriləcəyini və yalnız iki ildən sonra mümkün olacağını deyir.

Eyni zamanda, yeni planın tənqidlə üzləşəcəyi də gözlənilir. Belə ki, milli valyutanın adının fars yox, monqol mənşəli olması heç də hamının ürəyincə deyil.

İran dünya tarixində maliyyə əməliyyatlarına standart pul vahidi tətbiq edən ilk dövlətlərdən biridir.

Hələ Əhəməni imperiyası dövründə dövlətin pul standartı olan və qızıl sikkələr şəklində buraxılan Darik var idi. Böyük Kirsə (e.ə. 550-530) e.ə. 546-cı ildən sonra İran imperiyasının vahid valyutasını təsis etmişdi.

Bütün imperiya ərazisində Əhəməni sikkələrinə böyük inam və etimad var idi. Bu da daha çox bu sikkələrin qızıldan olması ilə bağlı idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG