Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:45

İranda 'Leylanın qardaşları' filminin rejissoruna iş kəsilib


Səid Rustayi və baş rolun ifaçısı Təranə Əlidosti
Səid Rustayi və baş rolun ifaçısı Təranə Əlidosti

Tehran məhkəməsi iranlı rejissor və ssenariçi Səid Rustayini “Leylanın qardaşları” filmini 2022-ci ildə Kann kinofestivalında nümayiş etdirdiyinə görə 6 ay müddətinə azadlıqdan məhrum edib.

Filmin prodüseri Cavad Novruzbegiyə də eyni cəza verilib.

O və Rustayi “İslam sisteminə müxalif təbliğatda” ittiham edilirdilər.

Xəbər verilir ki, hökm qüvvəyə minən kimi onlar cəzanın iyirmidə bir hissəsini (9 gün) həbsxanada çəkəcəklər, cəzanın qalan hissəsi isə beş ildən sonra qüvvəyə minəcək.

Lakin təxirə salınma müddətində onların “cinayətləri ilə bağlı fəaliyyətlə” məşğul olmaları qadağan edilir.

Onlar bu müddət ərzində kino sənayesində işləyənlərlə təmasda ola bilməzlər.

“Leylanın qardaşları” Rustayinin üçüncü tammetrajlı filmidir. Onun filmi 75-ci Kann festivalında Beynəlxalq Kino Mətbuatı Federasiyasının mükafatına layiq görülüb.

“Leylanın qardaşları” filminin İranda nümayiş etdirilməsi qadağan olunub.

Hakimiyyət orqanları bildirirlər ki, rejissor və prodüser mövcud reqlamenti pozaraq filmi beynəlxalq festivala rəsmi icazə almadan göndəriblər.

Rəsmilərin fikrincə bu səbəbdən filmə Mədəniyyət Nazirliyinin tələblərinə uyğun düzəlişlər edilməyib.

Məşhur amerikalı rejissor Martin Skorseze Instagram hesabında arzu edənlərin imzalaması üçün petisiya dərc edib.

Petisiyada Rustayi və Novruzbeginin barəsində hökmün dəyişdirilməsi tələb olunur.

XS
SM
MD
LG