2026, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:31

İran bu qış ciddi qaz qıtlığı ilə üzləşə bilər

Fars körfəzi sahilində, İranın cənubundakı Kəngan şəhəri yaxınlığında yerləşən "Cənubi Pars" qaz yatağı
Fars körfəzi sahilində, İranın cənubundakı Kəngan şəhəri yaxınlığında yerləşən "Cənubi Pars" qaz yatağı

İran prezidenti Məsud Pezeşkian noyabrın 21-də bildirib ki, ölkə bu qış enerji təchizatı ilə bağlı çətinliklərlə üzləşə bilər.

"Bundan əvvəl də enerji balansının pozulmasını görmüşük. İndi isə ölkənin qaz infrastrukturuna hücumlar bu balanssızlığı daha da dərinləşdirib. Qışda problemlərin olacağını gözləyirik", – Pezeşkian deyib.

ABŞ və İsraillə müharibədə İranın əsas qaz emalı müəssisələrinə ziyan dəyib.

Pezeşkianın sözlərinə görə, hücumlar nəticəsində gündəlik 240 milyon kubmetr qaz hasilatı dayanıb, sonradan bunun təxminən 100 milyon kubmetrini bərpa etmək mümkün olub. Prezident deyib ki, müharibədən əvvəl də qazın ən çox işlədildiyi vaxtlarda gündəlik 250-300 milyon kubmetr qaz çatmırdı.

Rəsmi hesablamalara görə, bu qış gündəlik 400-530 milyon kubmetr qaz çatışmayacaq. İran Milli Qaz Şirkətinin rəhbəri Səid Təvəkkoli azı 11 vilayətdə qaz təminatı ilə bağlı çətinliklər yarana biləcəyini deyib. Hökumətin sözçüsü Fatimə Mühacirani isə xəbərdarlıq edib ki, istehlak yüksək səviyyədə qalarsa, Tehranda da qaz verilişində fasilələr ola bilər.

AzadlıqRadiosunun fars xidməti qaz qıtlığının sənaye sektorunda daha ciddi pozuntulara yol aça biləcəyini yazır. İran artıq bəzi zavodlara qaz verilməsini məhdudlaşdırıb, sement və neft-kimya sənayesində istehsalın axsaması barədə məlumatlar yayılıb.

Mazutdan istifadə davam edəcək

Bu arada energetika nazirinin müavini Mustafa Rəcəbi Məşhədi xəbərdarlıq edib ki, qaz hasilatının azalması bu qış elektrik stansiyalarının yanacaqla təminatını çətinləşdirə bilər. Hökumət çatışmazlığı aradan qaldırmaq üçün ağır yanacaq növü olan mazutdan istifadəni davam etdirməyi planlaşdırır.

Noyabrın 22-də "Təvanir" dövlət elektrik şirkəti yaşayış evlərinə və müəssisələrə elektrik enerjisini növbəli fasilələrlə verməyə başlayıb. Şirkətin baş direktoru Məhəmməd Allahdad bu qərarı elektrik stansiyalarında yanacaq çatışmazlığı ilə izah edib.

İran təsdiqlənmiş təbii qaz ehtiyatlarının həcminə görə dünyada ikinci yeri tutur, amma illərdir öz əhalisini qazla təmin etməkdə çətinlik çəkir. Beynəlxalq sanksiyalar xarici investisiyaların və texnologiyaların ölkəyə cəlbini əngəlləyib. Köhnəlmiş qaz yataqları, sıradan çıxmış boru kəmərləri, eləcə də dövlət hesabına ucuzlaşdırılan və israfçılıqla işlədilən qaz hər qış hasilatın tələbatı ödəməsinə imkan vermir.

​
XS
SM
MD
LG