Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 08:46

İran Ukrayna təyyarəsinin qara qutusunu vermək istəmir


Vurulmuş təyyarənin qara qutusu
Vurulmuş təyyarənin qara qutusu

Ötən ay İranın səhvən vurduğu sərnişin təyyarəsinin qara qutusu zədələnib və Tehran xaricdən göstərilən təzyiqlərə baxmayaraq onu başqa bir ölkəyə verməyəcək.

Bu barədə məlumatı fevralın 19-da İran mediası ölkənin vəzifəli rəsmilərinə istinadən yayıb.

Kanadanın baş naziri Justin Trudeau ötən həftə demişdi ki, bu təyyarənin vurulması ilə bağlı tam və müstəqil təhqiqat aparılmalı olduğunu İranın xarici işlər naziri Mohammad Javad Zarifin nəzərəinə çatdırıb.

Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin PS752 reysi ilə uçan sərnişin təyyarəsi yanvarın 8-də Tehran beynəlxalq hava limanından qalxdıqdan az sonra vurulub.

Təyyarədəki 176 nəfərin hamısı həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada vətəndaşı idi. Həlak olanların əksəriyyəti milliyyətcə iranlılar idi.

Təyyarə İranın hava hücumundan müdafiə sistemi İraqdakı ABŞ qüvvələrini raket atəşinə tutduğu əsnada vurulub.

Bundan bir neçə gün əvvəl İran İslam İnqilabı Keçşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general Qasem Soleimani Bağdadda ABŞ-ın dron zərbəsi ilə öldürülmüşdü və İran yanvarın 8-də həmin hadisəyə cavab olaraq İraqdakı iki hərbi hava bazasına çox sayda raket atmışdı.

Zarif deyib:

"Bizim bu qutuları oxumaq üçün öz haqqımız var. Biz qutuların yoxlanışında iştirak etmək hüququna malikik. Biz qara qutuları başqalarına qətiyyən verməyəcəyik”.

İran naziri bununla yanaşı əlavə edib ki, Tehran başqa ölkələrlə, xüsusilə də Ukrayna ilə təhqiqat mövzusunda danışıqlardadır.

İranın müdafiə naziri Amir Hatami deyib ki, təyyarənin uçuş rekorderi (qara qutu) ciddi şəkildə zədələnib və onun bərpa edilməsi üçün müdafiə sənayesindən dəstək istənib.

Hatami deyib ki, qutular oxunmazdan əvvəl bərpa olunmalıdır.

XS
SM
MD
LG