İran dövlət televiziyasının məlumatına görə general Qasem Süleymaninin ölümünün 4-cü ildönümünə həsr edilmiş mərasimdə iki partlayış baş verib.
İranın elit Qüds qüvvələrinin komandanı olmuş Süleymani 2020-ci ilin yanvarında Bağdad yaxınlığında ABŞ-ın dron zərbəsi ilə öldürülüb.
Ölkə ədliyyəsinə yaxın Mizan agentliyinin xəbərinə görə Kirman şəhərində yanvarın 3-də baş vermiş partlayışlar nəticəsində azı 103 nəfər həlak olub. Agentlik daha 171 nəfərin xəsarət aldığını xəbər verir.
Fars agentliyi xəbər verir ki, partlayışlar Kirmandakı Şəhidlər Gülzarına gedən yollardan birində baş verib.
"Terror aktı"
İran dövlət mediası partlayışları “terror aktı” adlandırıb.
Dövlət televiziyası Qırmızı Aypara xilasedicilərinin hadisə yerində işlədiklərini göstərib.
İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) yaxın Təsnim agentliyi xəbər verir ki, böyük bir ehtimalla hadisə yerinə qoyulmuş iki çantadakı partlayıcılar məsafədən detonasiya edilib.
AzadlıqRadiosunun Fars xidməti xatırladır ki, 2020-ci ildə general Süleymaninin dəfnində düşən basabasda 56 nəfər ölmüş, 200 nəfər xəsarət almışdı.
Bir vaxtlar İranın ən qüdrətli adamlarından biri olan general Süleymaninin ölümü ruhani rejim üçün ağır zərbə olmuşdu.
İİKK-nin xaricdə fəaliyyət göstərən Qüds qüvvələri Birləşmiş Ştatlar tərəfindən “terrorçu təşkilat” elan edilib.
Rəisi partlayışları pisləyib
İran prezidenti İbrahim Rəisi partlayışları pisləyib:
"Heç şübhəsiz ki, bu xain aktı törədənlər tezliklə bizim qabiliyyətli təhlükəsizlik qüvvələrimiz və hüquq-mühafizə orqanlarımız tərəfindən aşkar olunub cəzalandırılacaqlar. Düşmənlər bilməlidirlər ki, bu cür hərəkətlər İran millətinin qətiyyətini heç vaxt poza bilməz”.
Bəzi təfərrüatlar
Təsnim agentliyinin məlumatına görə birinci partlayış Süleymaninin məqbərəsinin 700 metrliyində baş verib.
İkinci partlayış məqbərədən 1 kilometr aralıda və yoxlama darvazasından kənarda olub.
Daxili işlər naziri Əhməd Vahidi bildirib ki, adamların çoxu ikinci partlayışda həlak olub.
O deyib ki, hakimiyyət orqanları partlayışlara “çevik və qətiyyətlə” reaksiya veriblər:
"Bizim polis qüvvələrimiz ayıq-sayıqdır və bu cinayəti törədənlər ədalətin ayağına gətiriləcəklər”.
Bu da qeyd olunur ki, 3 yanvar parlayışları 1979-cu ilin İslam inqilabından bəri ən ölümcül hücum olub.