Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:53

Fransa lideri İranla nüvə danışıqlarının yenidən açılmasından danışır


D.Trump və E.Macron

Fransa prezidenti Emmanuel Macron ABŞ və İrandan olan həmkarlarıyla danışıqlarda 2015-ci il İran nüvə sazişinin maddələrini yenidən razılaşdırmağın mümkünlüyü məsələsini qaldırıb. Həmin maddələrin vaxtı 2025-ci ildə bitir.

Fransa rəsmilərinin sözlərinə görə, bu məsələ ABŞ prezidenti Donald Trump və İran rəhbəri Hassan Rohani ilə sentyabrın 18-də BMT Baş Assambleyası çərçivəsində keçirilən təkbətək görüşlərdə qaldırılıb.

MACRON TRUMP-I İNANDIRMAĞA ÇALIŞIB Kİ...

Fransanın xarici işlər naziri Jean-Yves Le Drian deyib ki, Macron Trump-ı sazişdən çıxmamağa inandırmağa çalışıb, çünki bu halda Yaxın Şərqdə nüvə silahları hazırlamaq üzrə yarış yenidən başlaya bilər. Trump dəfələrlə sənəddən çıxmaqla hədələyib.

Fransa nüvə sazişini imzalamış altı ölkədən biridir. Saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutur. Sənədi Birləşmiş Ştatlar, Rusiya, Çin, Almaniya və Böyük Britaniya da imzalayıb.

Trump-ı sazişə sadiq qalmağa həvəsləndirməkdən ötrü Macron müddəti 2025-ci ildə bitən maddələrlə bağlı danışıqlara qayıtmaq arzusunu dilə gətirib. Le Drian belə deyib. Bu maddələrdən biri İranın uran zənginləşdirmə fəaliyyətini məhdudlaşdırır. İsrail və digər opponentlər sənədi rədd etmələrinə, əsasən, bu maddəni əsas gətirirlər.

«Silahların yayılmasını önləmək məqsədiylə bu sazişi qüvvədə saxlamaq vacibdir. Şimali Koreyayla bağlı riskləri gördüyümüz bir müddətdə bu xətti saxlamalıyıq», – Le Drian BMT-də jurnalistlərə deyib.

İranda raket sınağı
İranda raket sınağı

«BUNA HAZIR OLMALIYIQ»

«Reuters» yüksəkçinli Fransa rəsmisinə istinadla yazır ki, Macron bəzi maddələrin yenidən razılaşdırılması məsələsini Rohani ilə görüşündə də qaldırıb. Rəsminin sözlərinə görə, Macron Rohani-yə xəbərdarlıq edib ki, Suriya, Livan və Yəməndəki hərəkətləriylə Birləşmiş Ştatları təhrik etməsin.

«2025-ci il tez gələcək və 2025-ci il yanvarından 1-dək buna hazır olmalıyıq», – rəsmi söyləyib.

ABŞ Dövlət Departamenti də Trump-la Macron-un İran sazişini müzakirə etdiyini təsdiqləyib, ancaq konkret maddələri götür-qoy etmələriylə bağlı bir söz deməyib.

ABŞ Dövlət Departamentində siyasi planlaşdırma direktoru Brian Hook-un sözlərinə görə, Trump Macron-a «dərindən qüsurlu» olan sazişdə gördüyü problemlərdən danışıb və deyib ki, gələn ay gözlənən qərarla sazişdən çıxmağı nəzərdən keçirir.

«Prezident ona qüsur saydığı məsələlərlə bağlı çox səmimi danışıb… O, Macron-a deyib ki, bunu nəzərdən keçirirlər və oktyabrın 15-də veriləcək qərarda buna sərt və daha geniş yanaşacaqlar», – Hook deyib.

ROHANI XƏBƏRDARLIĞINI TƏKRARLAYIB

Rohani sentyabrın 18-də CNN-ə müsahibəsində xəbərdarlıq edib ki, Trump nüvə sazişindən çıxmaqla bağlı hədələrini yerinə yetirsə, Birləşmiş Ştatlar bunun ağır bədəlini ödəyəcək.

«Belə bir razılaşmadan çıxmaq Amerika Birləşmiş Ştatlarına baha oturar. İnanmıram ki, amerikalılar onlar üçün faydasız olacaq bir şeydən ötrü belə bir yüksək bədəl ödəmək istəsinlər», – Rohani deyib.

Sentyabrın 18-də daha öncə Trump deyib ki, BMT-nin atom agentliyinin nüvə sazişini yetərincə monitorinq etmədiyi üzə çıxarsa, Birləşmiş Ştatlar sazişdən çıxacaq.

İndiyədək ABŞ və BMT agentliyi İranın sazişə əməl etdiyini bildirib. Ancaq Trump administrasiyası dəfələrlə vurğulayıb ki, Tehran sazişin «ruhuna» əməl etmir, ballistik və hərbi başlıq daşıya bilən raketlər sınaqdan keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG