İranın Təsnim agentlıiyi xəbər verir ki, İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri İsrail baş naziri Benjamin Netanyahunun Bakıya planlaşdırılan səfərindən “təəccübləndiyini” bildirib.
Agentliyə verdiyi müsahibədə Mohsen Pakayin deyib ki, belə bir səfərin yer alması Azərbaycanın “İslam icması qarşısında öhdəlikləri ilə ziddiyyət təşkil edir.
Keçmiş səfir deyib ki, Azərbaycan Respublikası İslam icmasının üzvü kimi, “sionist rejimin” izolyasiyasını pozan addımlardan çəkinməlidir.
Pakayin bunu da əlavə edib ki, “özü işğala məruz qalmış Azərbaycanın müsəlman xalqı öz hökumətinin başqa işğalçı ölkə ilə bu sayaq yaxınlaşmasından narazı qalacaqdır”.
Bununla belə, keçmiş İran səfiri İsrail və Azərbaycan arasında hər hansı strateji əməkdaşlığın gələcəyinə inanmadığını söyləyib.
Jerusalem Post qəzetinin verdiyi məlumata görə İranın tanınmış siyasətçi və ruhani xadimlərindən Höccət ül-İslam Seyid Həsən Ameli Kəlxoran da Netanyahunun Azərbaycana səfərindən narazılığını ifadə edib.
Əslən Ərdəbilli olan Ameli əvvəllər Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda danışarkən Azərbaycanın işğala məruz qalmasını tənqid edib.
Jerusalem Post İranın Fars agentliyinə istinadən yazır ki, İran Milli Məclisi spikerinin baş müşaviri Hüseyn Əmir Əbdolhayan deyib ki, Netanyahu Bakı səfəri ilə “yeni qəsdlər” hazırlayır.
“Netanyahunun Bakıya səfəri regionda yeni qəsd cəhdi kimi qiymətləndirilməlidir” – deyib Əbdolhayan.
İranın ali rəhbərinin Qərbi Azərbaycan ostanındakı nümayəndəsi və Urmiyyə məscidinin imamı Seyid Mehdi Qureyşi isə jurnalistlərə deyib ki, “hər hansı müsəlman ölkəsi üçün İsraillə bağlar qurmaq yolverilməzdir”.
“Azərbaycan hakimiyyəti bunu unutmamalı və başa düşməlidir ki, belə bir hadisə müsəlman icmasında qeyri-məqbuldur” – deyib Qureyşi.
Jerusalem Post qəzetinin İranın Mehr agentliyinə istinadən yazdığına görə Təbriz şəhərində Netanyahunun Bakı səfərinə etiraz bildirən yürüş keçirilib, hərçənd bu hadisə barədə başqa mənbələrdə məlumat yoxdur.
Bu dəfə protokola tam uyğun
Netanyahunun ofisi onun Azərbaycan, Qazaxıstan, Avstraliya və Sinqapura dörd günlük səfər edəcəyi barədə hələ oktyabr ayında məlumat vermişdi.
İsrail mətbuatı diqqəti belə bir məqama çəkir ki, Benjamin Netanyahunun Bakıya bu səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni və daha yüksək səviyyəsinin başlanğıcını qoyur.
Jerusalem Post yazır ki, bu Netanyahunun Bakıya ikinci səfəridir.
1997-ci ildə Uzaq Şərqə səfər turundan qayıdan Netanyahu Bakı hava limanında indiki prezident İlham Əliyevin atası Heydər Əliyevlə bir neçə saatlığa yolüstü görüşmüşdü.
“The Times of İsrael” qəzeti yazır ki, Netanyahunun Azərbaycan prezidenti ilə görüşü İlham Əliyevin Zuğulbadakı iqamətgahında keçiriləcək.
Burada keçirilən danışıqlardan sonra Azərbaycanın rəsmi protokoluna uyğun olaraq Əliyev və Netanyahu Şəhidlər Xiyabanında əklil qoyacaqlar.
Jerusalem Post yazır ki, bundan əvvəl İsrailin yüksək vəzifəli rəsmilərinin də Azərbaycana səfərləri olub.
2009-cu ildə o zamankı xarici işlər naziri Avigdor Liberman və prezident Şimon Peres, 2014-cü ildə isə o vaxtkı müdafiə naziri Moşe Yaalon Azərbaycana səfərlər ediblər.
İsrail mətbuatı bunu xüsusilə vurğulayır ki, Benjamin Netanyahunun Bakıya səfəri Azərbaycan mediasında müsbət ruhda işıqlandırılır.