Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:56

İranın satlıq nefti qurtarır


Neft tankerləri
Neft tankerləri

İran illərdir dənizdə saxladığı nefti satıb qurtarıb. İndi Tehran ixrac səviyyəsini saxlamağa, hasilat məhdudiyyətləri, daşınma və neft mənbələriylə bağlı problemləri yoluna qoymağa çalışır. Bunu «Reuters» xəbər agentliyi yazır.

2016-cı ilin yanvarında beynəlxalq sanksiyalar qaldırılandan İran dənizdəki tankerlərdə saxladığı milyonlarla barrel nefti satışa çıxarıb. Bəzi mənbələr artıq İranın son 2 həftədə sonuncu ehtiyatları da satdığını bildirir. Bu neftin böyük hissəsi kondensat idi.

Beləliklə də İran ixracını gücləndirən mənbəni tükətmiş olub.

3 AYDIR HASİLAT AZALIB

«Əminik ki, ixracı artıran əsas səbəb məhz dənizdə saxlanan neft idi... İndi İranın qarşısında xam neft hasilatını artırmaqdan ötrü çətin yol dayanır. Qərb təcrübəsini və sərmayəsini əldə etməlidir», – enerji məsələləri üzrə təhlilçi Richard Mallinson deyir.

Qərb sanksiyaları qaldırınca İranın gündəlik hasilatı 2.9 milyon barreldən ötən ilin iyununda 3.6 milyon barrelə qalxdı. O vaxtdan hasilat 3.6 və 3.7 milyon barrel arasında oynayıb. İran OPEC-in digər üzvləri ilə «savaşaraq», hasilatın kəsilməsindən kənarda qala bilib. OPEC üzvləri gündəlik hasilatı 1.2 milyon barrel kəsməyə razılaşalar da, İrana illərdir təcrid olunduğuna görə güzəştə gedilib. Amma yenə də son 3 ayda icazə verildiyindən az neft çıxarıb.

İranın neft naziri Bijan Zanganeh ötən ay deyib ki, OPEC ilin ikinci yarısında da limiti saxlamağa razılaşsa, Tehran günə 3.8 milyon barrel neft çıxarmağa hazırdır. Yəni bu, ölkənin neft hasilatında kəskin artıma ümidin azaldığını göstərib.

İranın cənubunda neft yatağı.
İranın cənubunda neft yatağı.

SƏRMAYƏ EHTİYACI

Sanksiyalar qaldırılmamışdan İran satılmayan nefti gəmilərə yığırdı. 2015-ci ildə 25 tankerdə 40 milyon barrel neft yığılmışdı. Ölkənin donanmasında 60-dək neft tanker var. Artıq sentyabrda bu ehtiyat sürətlə azalırdı. Bu ilin əvvəlində gəmilərdə 16 milyon barrel neft qalmışdı, indi onlar da boşalıb.

Bir ildən çoxdur Avropa Birliyi və BMT İrana nüvə proqramına görə qoyulmuş sanksiyaları qaldırıb. Amma Birləşmiş Ştatlar bəzi tədbirləri qüvvədə saxlayıb və prezident Donald Trump administrasiyası daha sərt davranacağını deyib. Bu da Qərb banklarını İrana maliyyə ayırmaqdan çəkindirir, enerji sərmayələri qərarları yubanır.

Fransanın «Total» neft şirkəti fevralda bildirib ki, yayadək İranda 2 milyard dollarlıq qaz layihəsinə sərmayəylə bağlı yekun qərar planlaşdırır, amma bu da ABŞ sanksiyalarının ertələnməsindən asılıdır.

«ABŞ-ın gələcək sanksiyalarla bağlı mövqeyindəki qeyri-müəyyənlik İranla neft ticarətinə böyük kölgə salır», – «Euronav» tanker şirkətinin rəhbəri Paddy Rodgers «Reuters»ə deyib.

Üstəlik, neft nazirinin Qərb firmalarıyla razılaşmalar əldə etmək cəhdlərinə ölkə içində də dirəniş var. Dünyada neft ehtiyatlarına görə 4-cü yerdə duran İranın planları maya planlaşdırılan prezident seçkisindən sonraya qalıb.

«Xam neft hasilatını və təbii qaz ehtiyatlarını artırmağa İrana milyardlarla dollar gərəkdir. Yataqların çoxu onillər öncə kəşf olunub və hasilat qabiliyyətindən geri qalır», – müstəqil konsultant, İran Milli Neft Şirkətinin keçmiş rəsmisi Mehdi Varzi deyir.

XS
SM
MD
LG