Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

İran nüvə sazişini kobud şəkildə pozmağa başlayıb


Natanz qurğusunun sentrifuqları
Natanz qurğusunun sentrifuqları

BMT-nin atom gözətçisi bildirir ki, İran 2015-ci il nüvə sazişi üzrə öhdəliklərini yenidən pozub.

Tehran özünün Natanz yeraltı stansiyasında quraşdırılmış uranzənginləşdirən sentrifuqlarını işə salıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi noyabrın 18-də keçirilən mətbuat konfransında bildirib ki, İran Natanz stansiyasının yeraltı hissəsindəki sentrifuqlarını hərəkətə gətirib.

Natanz İranın ən böyük uranzənginləşdirən məntəqəsidir. The New York Times qəzetinin mənbələri bildirirdilər ki, ABŞ prezidenti Donald Trump məhz bu stansiyaya zərbə endirilməsi üçün variantları nəzərdən keçirib.

2015-ci ildə İran və dünyanın 6 gücü arasında imzalanmış sazişin şərtlərinə görə Tehran uranzəginləşdirən sentrifuqların yalnız birinci nəsli olan IR-1 modifikasiyasından istifadə edə bilər.

Lakin BMT agentliyinin ötən həftə dərc edilmiş hesabatında deyilirdi ki, İran Natanz stansiyasının yeraltı bunkerində təkmil sentrifuqlar qurub.

Hesabatda qeyd olunurdu ki, İran bu sentrifuqlar hələ yeraltı bunkerə keçirilməzdən əvvəl də sazişi pozaraq onlardan istifadə edirdi.

Təkmil sentrifuqlar

Həmin hesabatda deyilirdi ki, İran hələki, sentrifuqlara kükürd heksaflüor qazı vurmayıb.

Qrossi noyabrın 18-də bu prosesin də artıq baş verdiyini deyib.

Bundan əvvəl ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindəki səfiri Ceki Uolkot İranın hərəkətlərinin reket olduğunu bildirmişdi.

Səfir demişdi ki, İran belə şantaj metodları ilə nə yaranmış dalanı aradan qaldıra, nə də üzərindəki sanksiyalardan xilas ola bilər.

Agentliyin hesabatında bu da bildirilirdi ki, İran habelə yeraltı zavodda IR-4 sentrifuqlarından ibarət kaskadın yaradılmasına başlayıb.

Bundan əvvəl IR-6 modifikasiyalı sentrifuqların üçüncü kaskadının yerləşdirilməsi nəzərdə tutulmuşdu.

Tehran habelə yeraltı stansiyada 5060 ədəd IR-1 sentrifuqlarını işlədir.

Əgər Bayden sanksiyaları qaldırsa…

İran 2015-ci il sazişinin bir çox məhdudiyyətlərini pozub. Söhbət həm də uranın zənginləşdirilməsi dərəcəsinə və zənginləşdirilmiş uranın həcminə qoyulmuş limitlərin pozulmasından gedir.

ABŞ 2018-ci ildə 2015-ci il sazişindən birtərəfli qaydada çıxıb, lakin sənədi imzalamış qalan tərəflər – Rusiya, Fransa, Böyük Britaniya, Çin və Avropa İttifaqı israr edirlər ki, razılaşma hələ də etibarlıdır.

Onlar dəfələrlə Tehranı saziş üzrə öhdəliklərinə qayıtmağa çağırıblar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif noyabrın 17-də deyib ki, əgər prezident seçilmiş Co Bayden onun ölkəsini boğan sanksiyaları qaldırarsa, Tehran dərhal nüvə sazişi üzrə öhdəliklərinə qayıda bilər.

Bayden bildirib ki, İran sazişin öhdəliklərinə dərhal qayıdarsa, Vaşinqton razılaşmanın digər tərəfləri ilə danışıqlara qayıtmağa hazır olacaq.

Lakin ekspertlər bunun elə də tez baş verəcəyinə inanmırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG