Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

İranlılar hökumətdən çox məşhurlara inanırlar


İranın futbol əfsanəsi Əli Dayi zəlzələnin ziyan vurduğu Kirmanşahda
İranın futbol əfsanəsi Əli Dayi zəlzələnin ziyan vurduğu Kirmanşahda

Bu yaxınlarda İranın qərbindəki Kirmanşah vilayətində güclü zəlzələ yüzlərlə insanın həyatına son qoyub, minlərlə insanı yaralayıb. İran xalqı bu fəlakətə ürək ağrısıyla reaksiya verib.

Bütün ölkədən ianələr axışmağa başlayıb. Yüzlərlə könüllü tezcə əraziyə gələrək, fəlakət qurbanlarına köməyini təklif edib. Ancaq insanların baş verən hadisəyə bu fəal reaksiyası, eyni zamanda, hökumətə dərin etimadsızlığı üzə çıxarıb.

Əslində, sosial media istifadəçilərinin bir çoxu İran hökumətinin başqa ölkələrdə gördüyü işləri onun zəlzələ bölgəsindəki səyləri ilə müqayisə ediblər. Onlar dövlət rəsmilərini zəlzələ qurbanlarının ehtiyaclarını ödəməyə yetərli tədbir görmədiklərinə görə tənqid ediblər.

1.7 milyon və 500 min dollar

Sosial media istifadəçiləri bu iddianı dəstəkləmək üçün bir dövlət rəsmisinin İran hökumətinin bir zamanlar cəmi iki həftə ərzində Livanda 73 kəndin elektrik enerjisini bərpa etməsi və cəmi 45 gün ərzində 45 məktəb tikməsi haqda dediklərinin videosunu yayıblar.

«Kaş Kirmanşah da Livanın, Fələstinin, Yəmənin, Suriyanın və ya İraqın bir hissəsi olaydı. O zaman İran hökuməti oranı əvvəlkindən də gözəl tikib bərpa edərdi», – deyə bir iranlı istifadəçi Twitter-də yazıb.

İlk dəfə idi ki, İranda çox sayda məşhur problemi öz nəzarətinə götürərək, təbii fəlakət qurbanları üçün könüllü vəsait toplamağa başlayıb. Keçmiş futbol ulduzu Əli Dayi 1.7 milyon dollardan artıq nağd pul toplamağa nail olub. Dayinin yaydığı videoda o, vətəndaşların ianə etdikləri əşyaların toplandığı anbarda görünür. Videoda o, 16 iri yük maşını yardımı zəlzələ bölgəsinə göndərdiyini deyir.

İslahat tərəfdarı olması və alovlu tənqidi çıxışları ilə tanınan Tehran Universitetinin siyasi elmlər professoru Sadiq Zibakəlam 500 min dollar məbləğində nağd vəsait toplaya bilib.

«Buna inana bilmirəm. Bunu heç arzulaya da bilməzdim», – Zibakəlam «İran» qəzetinə müsahibəsində deyib. O əlavə edib ki, insanların ona bu qədər etimad göstərdiyini bilsəydi, bu işə qol qoymazdı, çünki indi o, çox böyük məsuliyyətlə üz-üzədir.

Dövlət televiziyası ali dini lider ayətulla Əli Xameneinin öz tərəfdarlarından topladığı cəmi 250 min dollar nağd vəsaiti təqdim etdiyini bildirib. İranlılar bu xəbəri təəccüblə qarşılayıblar. YouTube-da 20 mindən çox insanın izlədiyi bir videoda deyilir ki, İran xalqı keçmiş futbol ulduzu və universitet professoruna «müsəlman dünyasının lideri»ndən (Xameneinin tərəfdarları ona belə xitab edirlər) daha çox etimad göstərir.

Etimad niyə azalıb

Professor S.Zibakəlamın sözlərinə görə, xalqın hökumətə etimadı korrupsiya halları ilə bağlı son ifşa dalğasından sonra laxlayıb. O deyib ki, dövlət rəsmiləri bu faktı qəbul etməli və özlərinə sual verməlidirlər ki, niyə xalq ona və bəzi məşhurlara dövlət institutlarından daha çox etimad göstərir.

Son illər ərzində İranda bir neçə işadamı, bank rəhbəri, yüksəkvəzifəli dövlət məmuru və onların yaxın qohumları mənimsəmədə ittiham olunublar. Bunların arasında ən məşhur iş maqnat Babək Zəncaninin neft satışı ilə məşğul olan şirkətlərdən Əhmədinejad hökumətinin xeyrinə 2.7 milyard dollar oğurlaması ilə bağlıdır. Zəncani ölüm cəzasına məhkum edilib.

Hazırda İranın indiki prezidenti Həsən Ruhaninin qardaşı, onun müavini - Eshaq Cahangirinin qardaşı və keçmiş prezident Mahmud Əhmədinejadın müavininə qarşı da korrupsiya ittihamları irəli sürülüb. Əhmədinejad və tərəfdarları isə öz növbələrində ölkənin ədliyyə sisteminin rəhbəri Sadiq Laricani və qardaşını ciddi maliyyə pozuntularında ittiham ediblər. Həmin iddiaya görə, Laricaninin düz 63 şəxsi bank hesabı var və o, ədliyyə sisteminin gəlirlərindən götürülmüş milyonlarla dollar vəsaiti bu hesablara yatırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG