Martın 28-də Azərbaycan prezidentinin İran dövlət başçısı ilə geniş tərkibdə görüşü keçirilib.
Bundan sonra Azərbaycan prezidenti İlham Əliyev və İran dövlət başçısı Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
AZƏRTAC-ın xəbərinə görə, “Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İranın Qadın və Ailə Məsələləri üzrə vise-prezidentliyi arasında əməkdaşlıq haqqında İcra Proqramı” imzalanıb.
Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə İrannın İdman və Gənclər Nazirliyi arasında da əməkdaşlıq haqqında anlaşma memorandumu qəbul edilib. Memarandum 2018-2019-cu illəri əhatə edir.
Habelə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə İranın Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üzrə mübadilə proqramı imzalanıb.
Azərbaycanın Səhiyyə Nazirliyi ilə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında anlaşma memorandumu da tərəflər arasında imzalanan sənədlərdən olub.
Həmçinin, Azərbaycan Energetika Nazirliyi ilə İranın Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında anlaşma memorandumu da imzalanıb.
Bunlardan başqa, iki ölkə arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında da anlaşma memorandumu qəbul edilib.
Eləcə də, Azərbaycan İqtisadiyyat Nazirliyi ilə İranın İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında da əməkdaşlıq haqqında sənəd imzalanıb.
Tərəflər Azərbaycanla İran arasında Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişə də imza atıblar.
Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər İlham Əliyev və Həsən Ruhani mətbuata bəyanatlarla çıxış ediblər.
İran prezidenti Həsən Ruhani bu gün, martın 28-də Azərbaycana gəlib.
Səfərin iki gün davam edəcəyi bildirilir. Səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında təkbətək də görüş keçirilib.