Ölümü İranda aylardır davam edən etirazlara səbəb olmuş 22 yaşlı Məhsa Əmininin ailəsinin vəkili bildirir ki, işin ilk istintaqını aparmış müstəntiq onlara faciəyə görə həkimləri günahlandırmaları üçün təzyiq göstərib.
Fəraz internet saytına müsahibəsində Əmini ailəsinin vəkili Məhəmməd Saleh Nikbəxt deyib ki, Məhsanın ölümü ilə bağlı istintaq yarıtmaz aparılıb.
Əmini ötən ilin sentyabrında Tehranda iddia olunduğuna görə hicab qaydasını pozması ilə bağlı əxlaq polisi tərəfindən saxlanmış və polis məntəqəsində vəfat etmişdi.
İki iddia
İranın hakimiyyət orqanları gənc qadının xəstəlikdən öldüyündə israr edirlər.
Lakin şahidlər iddia edirlər ki, Məhsa Əmini təhlükəsizlik xəfiyyələri tərəfindən döyüldüyünə görə ölüb.
Vəkil Nikbəxt müstəntiqləri Məhsanın həbs olunaraq Əxlaq Polisi Mərkəzinə gətirildiyi iki saatın yenidən diqqətlə araşdırılmasına çağırıb.
O deyib ki, müstəntiqlər, əksinə Məhsanın ailəsini tibb heyətini yardıma gec gəldiyinə görə günahlandırmağa məcbur etməyə çalışıblar:
"İki saatdan da az müddətdə bu gənc qadın həyat əlamətlərinin 95 faizini itirib və Məhsa xəstəxanaya artıq ölü gətirilib”.
Vəkil susmayacağını deyir
Vəkil bildirib ki, ona bu iş barəsində danışmaq qadağan edilsə də, susmaq niyyətində deyil.
Əmininin sentyabrın 16-da vəfat etməsinin dərhal ardınca minlərlə etirazçı İran şəhərlərinin küçələrinə çıxıb.
Hazırkı etiraz aksiyaları 1979-cu il İslam inqilabından bəri hakimiyyətin üzləşdiyi ən böyük həyəcan sayılır.
Nikbəxt qeyd edib ki, ədliyyə istintaq materiallarını və tibb hesabatını ailəyə verməkdən imtina edir.
Vəkil bildirib ki, Əmininin vəfat etdiyi Kəsra xəstəxanası hadisə ilə bağlı 500 səhifəlik hesabat hazırlayıb.
Bu hesabata Məhsanı süni nəfəs verməklə həyata qaytarmağa çalışan həkim də daxil, müxtəlif həkimlərin izahatları daxildir.
Fəalların HRANA agentliyi yanvarın 15-ə olan məlumata görə etirazlar ərzində 70-i azyaşlı olmaqla azı 522 nəfərin öldüyünü bildirib.