AzadlqıRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, Tehran və Vaşinqton arasında söz müharibəsinin getdiyi bir vaxtda iranlılar ABŞ-la mümkün əsl müharibənin vahiməsini yaşayırlar.
Hətta mühafizəkar hakimiyyət adamları və adətən davakar media da daha ehtiyatlı tərpənməyə başlayıblar.
Bəzi xəbərlərə görə islahatyönlü Səda jurnalı Fars körfəzində üzən ABŞ döyüş gəmilərinin şəkli ilə yanaşı “Hərb və Sülh arasında” başlığını verdiyinə görə Ədliyyə Nazirliyi tərəfindən bağlanıb.
Mühafizəkarlar jurnalı “Donald Trump administrasiyası qırğılarının hədələrini tutuquşu kimi təkrarlamaqda” ittiham ediblər.
Narahatlıqlar ABŞ ötən həftə regiona döyüş gəmilərinin göndərildiyini və İranın “Amerika maraqlarına” istənilən hücumlarına sərt cavab veriləcəyini bəyan edəndən başlanmışdı, amma mayın 15-də Vaşinqtonun İraqdakı “qeyri-fövqəladə təyinatlı” amerikalıların oradan çıxmasına göstəriş verməsi bu narahatlığı əsl xofa çevirib.
İran bu xəbərlərlərə kəskin reaksiya versə də, Vaşinqtonun müharibə niyyətində olmadığına dair bəyanatlarından təsəlli tapır. Tehran baş verənləri regionda “psixoloji müharibə” adlandırır.
Hazırda İran silahlı qüvvələrində 500 min həqiqi xidmətdə olan var. Daha 250 min əsgər ehtiyatdadır.
Bir çox iranlılar hökumətin sərt senzurasını yararaq baş verənlərdən xəbər tutmaq üçün internet antifiltrlərindən və başqa proqramlardan istifadə edirlər.
Bugünlərdə İranın, xüsusilə də 1980-1988-ci illərdəki müharibəli tarixinin yaddaşı gündəmə qayıdıb. Bir çoxları bu illərdə baş vermiş İran-İraq müharibəsini, minlərlə şəhidi, dağıntı və səfaləti yaxşı xatırlayırlar.
Sosial mediada İrana hər hansı xarici hücumun dini hakimiyyəti devirə biləcəyi barədə məsələ ciddi müzakirə olunur.
Adamların rejimdən narazılığına baxmayaraq bir çoxları hakimiyyət dəyişikliyinin müharibə hesabına baş verməsini arzulamırlar.
Hollandiyada yaşayan bir iranlı fəal Twitter-də soydaşlarından soruşur: "Siz İslam Respublikasının üzərinə hərbi hücum istəyirsinizmi?”
Esfandiari yazır ki, xaricdə yaşayan iranlıların bir çoxu ölkədə 1979-cu ildən bərqərar olmuş ruhani hakimiyyətinin devrilməsi üçün ümidlərini xarici qüvvəyə bağlayıb.
Amma başqa bir iranlı Twitter-dəki suala belə cavab verir:
“Hətta belə bir sualın verilməsi də düzgün deyil. Sən heç müharibənin nəticələrinin nə olduğunu bilirsənmi? Bilirsənmi ki, günahsız insanlar öldürüləcək və İran məhv olacaq”.
1980-1988-ci illər müharibəsinin gətirdiyi dağıntı və ölümlərin canlı xatirəsi hələ də yaşayır.
Buna görə də bəzi iranlılar sosial mediada həmin müharibənin ölüm və dağıntı dolu fotolarını paylaşırlar.
Bəziləri isə müharibənin həyatını puç etdiyi insanları #notowar və#NoWarWithIran heşteqlərindən istifadə etməklə xatırladıblar:
Jurnalist Masud Bastany yazır ki, "sabahkı nəsillər bugünün qırğı və müharibə dəllallarını utumayacaqlar”.
Facebook-da isə iki uşaq anası olan bir qadın yazır:
“Dörd il əvvəl biz nüvə sazişinin imzalanmasını bayram etdik. Amma indi sanksiyaların və hər gün qalxan qiymətlərin altında inildəyirik. Bu tərəfdən də müharibə narahatlığı başlanıb... Mən uşaqlarımın müharibə görməsini istəmirəm”.
Bəzi xəbərlərə görə İranın mədəniyyət naziri Mohammad Bathaei mayın 10-da ölkənin şimal-şərqindəki Nişapur şəhərində deyib ki, milyonlarla iranlı tələbə öz vətəni üçün ölməyə hazırdır:
"İndi bizim 14 milyon tələbəmiz var. Onlar lazım gələrsə, özlərini qurban verməyə hazırdırlar”.
Nazirin bu bəyanatı ölkədə çox kəskin tənqidlə qarşılanıb. Tehranda mənzillənmiş Uşaqların Müdafiəsi Cəmiyyəti deyib ki, rəsmilər milyonlarla cavanın adından danışmamalıdırlar.
Bu arada Birləşmiş Ərəb Əmirliklərinin sahillərində dörd neft tankerinə hücum edildiyi barədə xəbərlər yayılıb. Adlarının çəkilməsini istəməyən ABŞ rəsmiləri bu hücumlara görə İrandan şübhəli olduqlarını bildiriblər.
Lakin digər tərəfdən ABŞ prezidenti Donald Trump mayın 13-də The New York Times qəzetinin Yaxın Şərqdə 120 min Amerika əsgəri yerləşdiriləcəyinə dair məlumatını “saxta xəbər” adlandırıb.
Bugünlər İran belə pis-yaxşı xəbərlərlə yaşayır.