Xeyriyyə təşkilatı işlətdiyini deyən bir qadın 3 milyard riala (1100 dollar) körpə təklif edir. Bu paketə ultrasəs müayinəsi, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi də daxildir. Pul isə körpə təhvil verildikdən sonra ödənilməlidir.
İranda uşaq satışı qanunla qadağandır. Buna baxmayaraq, sosial şəbəkələrdə bu cür elanlara tez-tez rast gəlinir.
AzadlıqRadiosunun fars xidməti (Radio Fərda) üzə çıxarıb ki, "Telegram" kanallarındakı vasitəçilər xeyriyyəçilik və övladlığa götürmə adı altında milyardlarla rial tələb edirlər. Bəziləri körpənin doğumunu onun bioloji anası olmayan qadının adına rəsmiləşdirməyi də təklif edirlər. Hətta körpələrin xaricdə yaşayan iranlı ailələrə verilməsi də təşkil olunur.
Bu cür sövdələşmələrdən xəbərdar olan bir tibb bacısı "Radio Fərda"ya deyib ki, 3 milyard rial körpə üçün "münasib" qiymət sayılır.
Əvvəl yardım istəyib, sonra...
"Telegram" kanallarından biri səkkizaylıq hamilə olan və evindən çıxarıldığı iddia edilən bir qadın üçün yardım çağırışı yayımlayıb. Amma bu çağırış tezliklə körpənin 1.5 milyard riala (550 dollar) və xəstəxana xərclərinin ödənilməsi şərti ilə satış təklifinə çevrilib.
Kanal administratoru "Radio Fərda"ya bildirib ki, o, yeni doğulmuş və atılmış körpələri övladlığa götürmək istəyən ailələrə verir.
"Mən körpələrin Behzistiyə deyil, birbaşa ailələrə verilməsinə üstünlük verirəm", – o, İranın Dövlət Sosial Rifah Təşkilatını nəzərdə tutaraq deyib.
Qadın alıcıların 10 gündən kiçik körpələrin cinsini seçə bildiklərini söyləyib. Onun iddiasına görə, körpələr tam sağlamdır, valideynlərinin narkotik asılılığı olmayıb və alıcılar uşağın müayinəsi üçün öz həkimlərini də gətirə bilərlər.
Başqa bir yazışmada isə kanal administratoru oğlan uşağının təhvil verilməyə hazır olduğunu deyib və şərtləri müzakirə etdikdən sonra 3 milyard rial istəyib. Həmin qadın əvvəlcə körpələrin xəstəxanalarda atıldığını desə də, sonradan onların kasıb ailələrin övladları olduğunu bildirib.
Doğum başqa qadının adına rəsmiləşdirilib
Bir tibb bacısı 2021-ci ildə körpənin ABŞ-də yaşayan iranlı ailəyə verilməsində vasitəçilik etdiyini deyir. O, belə sövdələşmələrin necə aparılmasından danışıb. Onun dediyinə görə, dörd uşağı olan bioloji ana kasıbçılıq ucbatından beşinci hamiləliyini ilk üç ayda sonlandırmaq istəyib. Uşağı götürmək istəyən ailə isə onun həkim müayinələrinin, ultrasəs analizlərinin və yaşayış xərclərinin bir hissəsini ödəyib. Nəticədə qadın körpəni 700 milyon rial qarşılığında verməyə razılaşıb. 2021-ci ildə bu, 2 min 560 dollar edirdi.
Tibb bacısı danışır ki, ultrasəs müayinələrinin və analizlərin nəticələri birbaşa uşağı götürəcək qadının adına rəsmiləşdirilib. Yeni doğulan qız uşağı da xəstəxanadan həmin qadının adına çıxarılıb.
İki qadın bir-birini heç görməyib və körpə doğulduqdan təxminən bir ay sonra ABŞ-yə aparılıb.
"Radio Fərda" bu məlumatları müstəqil şəkildə təsdiqləyə bilməyib.
Tibb bacısının sözlərinə görə, bəzi ailələr uşağı götürən qadının özünü hamilə göstərməsi üçün süni qarınlardan, xüsusi geyimlərdən və montaj olunmuş şəkillərdən istifadə edirlər.
İran qanunları xaricdə yaşayan iranlılara ölkənin diplomatik nümayəndəlikləri vasitəsilə uşağın qəyyumluğunu almaq üçün müraciət imkanı tanıyır. Ancaq bəzi ailələr bu rəsmi prosedurdan yayınırlar.
Çoxdankı problem
Dövlət xəstəxanalarından birinin doğum şöbəsində çalışan tibb bacısı "Radio Fərda"ya danışıb ki, onların xəstəxanasından hər ay azı iki yeni doğulmuş körpə Behzistiyə təhvil verilir. Bunun əsas səbəbi anaların narkotik asılılığı və ailələrin uşaqlara baxmaq imkanının olmamasıdır. Bəzi körpələr isə sadəcə xəstəxanalarda tərk edilir.
İran hakimiyyəti uzun illərdir ki, körpə alveri probleminin mövcudluğunu etiraf edir. 2022-ci ilin yanvarında Behzistinin yüksəkvəzifəli rəsmilərindən biri körpə satışının artdığını, bəzi hallarda sövdələşmələrin hələ uşaq dünyaya gəlməmişdən əvvəl aparıldığını bildirmişdi.
Sonradan Tehran kiberpolisinin rəhbəri internet üzərindən 1.2 milyard riala (o dövrün məzənnəsi ilə 4 min 750 dollar) körpə təklif edən bir qrupun saxlanıldığını açıqlamışdı.
Bu hadisənin üstündən dörd ildən çox keçməsinə baxmayaraq, hələ də "Telegram"da oxşar təkliflər yayılmaqdadır.