Iranın xarici işlər naziri Mohammad Javad Zarifin Şimali Koreyaya səfəri planlaşdırılır.
Bu barədə Reuters agentliyi aprelin 28-də İranın dövlət televiziyasına istinadla xəbər verir.Dövlət televiziyası bildirib ki, yaxın vaxtlarda səfərin vaxtı elan ediləcək.
Qeyd edək ki, hər iki ölkə ABŞ-ın sanksiyaları altındadır.
Amma agentlik əlavə məlumat vermir.
ABŞ ötən il İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan sonra İrana qarşı sanksiyalarə bərpa edib.
2015-ci ildə imzalanmış həmin sazişdən sonra İran nüvə proqramı üzərində işi dayandırmış və əvəzində ona qarşı beynəlxalq sanksiyalar aradan qaldırılmışdı.
Amma Vaşinqton bu sazişdən çıxdıqdan sonra İrana qarşı sanksiyaları daha da kəskinləşdirdi.
ABŞ nüvə proqramına görə Şimali Koreyaya qarşı da sanksiyaları kəskinləşdirib.
Bu ilin fevralında ABŞ prezidenti Donald Trumpla, Şimali Koreya lideri Kim Jong un arasında aparılan danışıqlar nəticə vermədi.
Vaşinqton Şimali Koreyadan nüvə obyektlərinin məhvini, Pxenyan isə ona qarşı sanksiyaların dərhal aradan qaldırılmasını tələb etdiyinə görə tərəflər razılığa gələ bilmədilər.
Şimali Koreyanın yüksək səviyyəli diplomatı Ri Yong ötən ilin avqustunda İranda, İran parlamentinin nümayəndə heyəti isə dekabrda Şimali Koreyada olub.