İran ədliyyəsi mühafizəkar Keyhan qəzetinin nəşrini dayandırıb. Buna səbəb qəzetin ön səhifəsində dərc edilmiş yazının başlığında Dubayın Yəmən hutilərinin növbəti raket hədəfi ola biləcəyi barədə ehtimaldan bəhs edilməsidir. Bundan əvvəl huti qiyamçıları Səudiyyə paytaxtına raket atmışdılar.
Prokurorluq noyabrın 8-də bildirib ki, gündəlik Keyhan qəzetinin nəşri noyabrın 11-dən etibarən iki günlüyünə dayandırılacaq.
Prokurorluğun açıqlamasında deyilir ki, qəzet Mətbuata Nəzarət Şurasının məqalə başlığının təxribat xarakteri daşıdıdığına və İranın milli təhlükəsizlik və milli maraqlarına zidd olduğuna dair xəbərdarlığına məhəl qoymayıb.
Keyhan məqaləyə sözü gedən sərlövhəni noyabrın 6-da İran və Səudiyyə Ərəbistanı arasında gərginliyin eskalasiya etdiyi əsnada dərc etmişdi. Riyad Tehranı şiə hutiləri raketlərlə təchiz etməkdə günahlandırırdı.
Keyhan mötədil prezident Həsən Rohani hökumətini kəskin tənqid etməsi ilə tanınır.
Qəzet məqalə başlığının təxribat xarakterli olması barədə iddiaları qəbul etmirdi.
Keyhan yazmışdı ki, “Dubay göydələnlərindənsə Yəmən xalqının müdafiəsi İranın daha çox milli marağındadır”.
Rəsmi Tehran hutilərin raket insidenti ilə hər hansı əlaqəsini inkar edir.
İranın rəsmi İRNA xəbər agentliyi yazır ki, prokurorluq qəzet nəşrinin dayandırılması barədə sanksiyanı İranın Ali Milli Təhlükəsizlik Şurası katibliyinin şikayətindın sonra verib. Katiblik bildirirdi ki Keyhanın məqalə başlığı İranın regional və təhlükəsizlik siyasəti ilə ziddiyyət təşkil edir.
İran hökumətinin sözçüsü Məhəmməd Bağer Nobəxt bu həftənin əvvəllərində bəyan etmişdi ki, Keyhan qəzetinin hərəkəti “media qanununun açıq pozulması” deməkdir.
Qəzetin redaktoru Hüseyn Şəriətmədari noyabrın 8-də deyib ki, o nəşrin dayandırılması barədə göstəriş almayıb.
Şəriətmədari bunu da deyib ki, hakimiyyətin Keyhan qəzetini, onun təbirincə deyilsə, “məzlum Yəmən müsəlmanlarını müdafiə etdiyinə görə” bağlaya biləcəyinə inanmır.