Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:28

İran müxalifətinin liderlərindən Mehdi Kərrubi aclığa başlayıb


Kərrubinin xəstəxanada çəkilmiş bu şəkli iyul ayında sosial mediada yayılıb

İran müxalifətinin 6 ildir ki, ev dustağı olan lideri Mehdi Kərrubi aclıq aksiyasına başlayıb.

Müxalifətçinin böyük oğlu Məhəmmədtağı Kərrubi deyib ki, 79 yaşlı ruhanı ev dustaqlığına etiraz olaraq avqustun 16-dan heç nə yeməyib.

O hakimiyyətdən məhkəmədə mühakimə olunmasını tələb edir.

Kərrubinin arvadı müxalifətyönlü Sahamnews internet saytına deyib ki, əri yalnız ürək dərmanlarını qəbul edir. O məhkəmənin ədalətli olmasına inanmasa da, onun açıq keçirilməsini tələb edir.

Fatimə Kərrubi deyib ki, əri həm də təhlükəsizlik xəfiyyələrinin evi tərk etməsini istəyir.

İslahatyönlü millət vəkili Mustafa Kəvakibian Kərrubinin aclıq aksiyası məsələsini parlamentdə qaldırıb və Səhiyyə və Kəşfiyyat nazirliklərini hərəkətə çağırıb.

Mehdi Kərrubi, habelə digər müxalifət lideri Hüseyn Musəvi və onun xanımı Zəhra Rahnəvərd 2011-ci ilin fevralından bəri, 2009-cu il prezident seçkisinin nəticələrini qəbul etmədiklərinə və İranda insan haqları məsələsini qaldırdıqlarına görə ev dustağı ediliblər.

Onlar həmin seçkidə prezidentliyə namizəd idilər.

Keçmiş parlament spikeri Mehdi Kərrubi son həftələrdə ürəyində yaranmış problemlərlə bağlı iki dəfə xəstəxanaya aparılıb.

Musəvi və Rahnəvərd də ürək problemindən əziyyət çəkirlər.

İnsan haqları qrupları dəfələrlə üç müxalifətçinin ev məhbusluğundan azad edilməsinə çağırıblar.

Amnesty International ötən ay bildirib ki, İran hakimiyyətinin Kərrubi, Musəvi və Rahnəvərdə münasibətdə ədalətsizliyə son qoymasının vaxtı çatıb.

Ötən mart ayında Kərrubinin böyük oğlu Həsən Kərrubi hökumət əleyhinə təbliğat ittihamı ilə 6 ay azadlıqdan məhrum edilib.

Onun Londondakı qardaşına e-mail yazması ittihamın dəlili sayılıb. Həmin e-maildə Həsən Kərrubi yazırdı ki, atası məktubla prezident Həsən Ruhaniyə müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG