Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:56

İsrail tankerə hücuma görə İranı ittiham edir


Mercer Street tankerinə hücum iyulun 29-da gecə baş verib (Arxiv fotosu)
Mercer Street tankerinə hücum iyulun 29-da gecə baş verib (Arxiv fotosu)

İsrail iyulun 30-da onun əməliyyatçısı olduğu neft tankerinə hücuma görə İranı ittiham edib

İsrail iyulun 30-da onun əməliyyatçısı olduğu neft tankerinə hücuma görə İranı ittiham edib.

Oman sahillərində baş vermiş bu hücumda tankerin iki heyət üzvü – bir britaniyalı və bir rumıniyalı həlak olub.

İsrailli milyarder Eyal Oferin Zodiac Group şirkətinin Londonda mənzillənmiş Zodiac Maritime filialı bildirir ki, Liberiya bayrağı altında üzən və sahibliyi Yaponiyaya məxsus Mercer Street tankerinə hücum iyulun 29-da gecə baş verib.

Şirkət bu barədə başqa detalları açıqlamayıb.

İsrailin xarici işlər naziri Yair Lapid hücuma görə İranı ittiham edib. O deyib ki, Britaniya xarici ilşlər nazirini bu insidentə sərt reaksiya verməyə çağırıb:

"İran təkcə İsrailin problemi deyil, hamımıza zərər vuran terror, dağıntı və sabitsizlik ixracatçısıdır. Dünya həm də gəmiçilik azadlığına zərbə vuran İran terrorunun qarşısında susmamalıdır”.

Qisas hücumu?

İran bu bəyanata hələki rəsmi reaksiya verməyib. Tehran bundan əvvəl özünün baş nüvə aliminin qətlinin və ölkənin nüvə qurğularına hücumların arxasında İsrailin dayandığını bildirmişdi.

İran höklumətinin Əl-Aləm ərəbdilli telekanalı naməlum mənbələrə istinadən tankerə hücumun İsrailin Suriyadakı aeroportlardan birinə hava zərbələrinə cavab olduğunu deyib.

Söhbətin məhz hansı aeroportdan getdiyi dəqiqləşdirilməyib.

İsrail Suriyadakı İran hədəflərinə indiyədək yüzlərlə hava zərbələri endirib.

İran Suriyada Bəşər əl-Əsəd rejiminin əsas dəstəkçilərindən biridir.

Son aylarda həm İsrailə, həm də İrana məxsus gəmilərə Yaxın Şərq sularında müəmmalı hücumlar olub.

Fars körfəzindəki gərginlik Birləşmiş Ştatlar 2018-ci ildə İran üzərinə sanksiyaları bərpa etdikdən sonra yaranıb.

Tehran üzərinə ABŞ sanksiyaları keçmiş prezident Donald Tramp ölkəsini 2015-ci ilin nüvə sazişindən çıxardıqdan sonra bərpa olunub.

Dron hücumu ola bilərdi

İsrailin ən yaxın müttəfiqi Birləşmiş Ştatlar son insidentlə bağlı vəziyyəti monitorinq etdiyini bildirib.

Dövlət Departamentinin sözçüsü deyib ki, ABŞ partnyorları ilə birlikdə faktların dəqiqləşdirilməsi ilə məşğuldur.

ABŞ rəsmilərindən biri Associated Press və Reuters agentliklərinə deyib ki, hazırda hücumun kim tərəfindən edildiyi bilinmir, amma böyük bir ehtimalla həmlə dron vasitəsilə həyata keçirilib.

Britaniyanın Dəniz Ticarəti Əməliyyatları idarəsi bildirib ki, hücum dəniz quldurluğu aktı deyil.

Zodiac Maritime şirkətinin bəyanatında deyilir ki, hücum baş verəndə tanker Dar-əs-Səlamdan Fuceyraya üzürdü və yüksüz idi.

Oman bildirir ki, hücum sultanlığın ərazi sularından kənarda baş verib.

Zodiac Maritime bunu da bildirir ki, tanker yenidən heyətin nəzarətindədir və ABŞ dəniz donanmasının müşayiəti ilə “açıqlanmayan təhlükəsiz yerə” üzür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG