Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

İranda Instagram-ın bloklanacağı barədə söhbətlər dolaşır


İranın yüksək vəzifəli rəsmilərindən biri deyib ki, ölkə, hakimiyyətin bir göstərişi ilə Instagram-ı bloklamağa hazırdır.

AzadlıqRadiosunun müxbiri Golnaz Efandiari yazır ki, belə bir addım İranda ali rəhbər ayətüllah Ali Khamenei və prezident Hassan Rohani də daxil 24 milyon istifadəçini bu populyar platformadan məhrum edərdi.

“Peyvəst” jurnalı yazır ki, bu barədə bəyanatı İranın internet senzurası dövlət komitəsinin katibi və kiberməsələlərə baxan dövlət prokurorunun müavini Javad Javidnia yanvarın 1-də verib.

Javidnia ötən həftələr ərzində Instagram-ın iddia edilən təhlükələrindən danışıb, bu platformanın gəncliyin “sallaqxanasına” çevrildiyini deyib. O bildirib ki, Instagram-ın bağlanmasını “çox sayda alimlər, professorlar və tələbələr” tələb edirlər.

Ötən iyulda baş prokurorun müavini Instagram-da dələduzluq təhlükəsinin olmasını iddia etmiş və demişdi ki, bu platformanın filtrlənməsi məsələsi nəzərdən keçirilir.

İran mediası bu deyilənlərdən belə bir nəticə çıxarır ki, Instagram-ın bloklanması artıq rəsmi səviyyədə həll olunub. İranlılar bu platformadan təkcə foto, xəbər və informasiya paylaşması üçün yox, həm də siyasi debatlar üçün istifadə edirlər.

“Şərq” qəzeti yanvarın 2-də yazıb ki, “deyəsən, Instagram-ın filtrlənməsi qərarı lap yaxınlaşır”.

Instagram, habelə İranda populyar olan Telegram 2018-ci ilin yanvarında bir müddət filtrlənib. Həminvaxt ölkənin 80-dək şəhərini antihökumət etirazları bürümüşdü.

May ayında hökumət milli təhlükəsizliyə hədə mülahizəsi ilə Telegram-ın filtrlənməsinə başlamışdı.

Prezident Hassan Rohaninin hökuməti bu addımlara qarşı çıxırdı. Rohani 2013-cü il seçkilərinin kampaniyasında vətəndaşlara daha çox söz azadlığı və daha az senzura vəd etmişdi.

Özünün bir çox seçki vədlərini yerinə yetirə bilməyən prezident bu qərarı tənqid etmiş və onun “demokratiyaya zidd olduğunu” bildirmişdi.

Rohaninin kommunikasiya naziri Javad Azari Jahromi ötən iyulda müxbirlərə demişdi ki, Instagram bloklanmayacaq.

İranda son illərdə sərt xətt-hərəkət tərəfdarlarının səyləri nəticəsində Facebook və Twitter saytları artıq bloklanıb. Bir çox iranlılar bu platformalara antifiltr alətləri ilə daxil olurlar.

Dekabr ayında yarırəsmi ISNA agentliyinə müsahibə verən Javidnia demişdi ki, o, bir rəsmi şəxs kimi Instagram-da baş verən “fəlakətlərə” sakit baxa bilməz.

İslahatyönlü “Şərq” qəzetinin yazdığına görə Javidnia bu vəzifəni ondan əvvəl tutmuş Abdolsamad Khoramabadi-nin siyasətini davam etdirir. O internetin dövlət tərəfindən filtrlənməsinin qatı tərəfdarı idi və hətta ABŞ-ın sanksiyalar siyahısına daxil edilmişdi.

Bir millət vəkilinin dediyinə görə Instagram hələ İran təqvimi ilə Azər ayının sonunadək (dekabrın 21-i) bağlanmalı idi.

Parlamentin Mədəniyyət Komitəsinin üzvü, millət vəkili Ahmad Salek deyib ki, Instagram-ın bloklanmasına hələ başlanmayıb və bunun nə vaxt baş verəcəyi məlum deyil.

Son aylarda İran hakimiyyəti Instagram-da “mənəviyyatsız” və “antiislami” şəkil və videoları yayan bir neçə nəfəri həbs edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG