İran bu ay Tehran yaxınlığında bu ölkənin havadan müdafiə qüvvələri tərəfindən vurulmuş təyyarədəki ikili vətəndaşlığı olanları iranlı kimi tanımaq qərarına gəlib.
Bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi yanvarın 20-də verib.
İran İslam İnqilabı Keşikçilərinin (İİKK) hava hücumundan müdafiə qüvvələri Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin PS752 reysi ilə uçan Boeing təyyarəsini yanvarın 8-də Tehran hava limanından qalxdıqdan az sonra vurub.
İran tərəfi bunun səhvən baş verdiyini deyir.
Təyyarədə olan 57 kanadalının ikili İran-Kanada vətəndaşlığı vardı. İran ikili vətəndaşlığı tanımır.
Amma Musavi deyib ki, Tehran bu təyyarədə həlak olmuş ikili vətəndaşlığı olanları iranlı kimi tanıyır və onlara yas tutur.
İran bu təyyarənin səhv nəticəsində vurulduğunu etiraf etdikdən sonra ölkə boyunca antihökumət etirazları başlanmışdı.
Britaniyanın İrandakı səfiri təyyarədə həlak olanların yadetmə mərasiminə qatıldığına görə yanvarın 11-də İran hakimiyyət orqanları tərəfindən üç saat müddətində saxlanmışdı.
Britaniya səfirin saxlanmasını kəskin pisləmişdi.
Musavi deyib ki, İran beynəlxalq qanunları pozmayan bütün əcnəbi diplomatların toxunulmazlığına hörmət edir.