Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:58

İranda yoxsul insanlar konteynerlərdə yaşamağa məcburdur


İranda 19 milyon insanın gecəqondu məhəllələrində yaşadığı deyilir.
İranda 19 milyon insanın gecəqondu məhəllələrində yaşadığı deyilir.

Tehran da daxil olmaqla iri şəhərlərin ətraflarında get-gedə daha çox insan karqo konteynerlərindən düzəldilmiş evlərdə yaşamaq məcburiyyətindədir. Bunu iranlı millət vəkili Masoud Rezai deyib və İran vətəndaşlarının normal ev-mənzillər əvəzində belə konteynerlərdə yaşamasının arzuolunmaz fəsadları barədə xəbərdarlıq edib.

İran rəsmiləri bildirirlər ki, son 11 il ərzində ölkədə evlərin qiyməti kəskin artıb, bu isə kirayə haqlarını bahalandırıb.

227 DOLLARLIQ ƏMƏKHAQQI

Hazırda paytaxt Tehranda ev almaq istəyən adam orta hesabla evin bir kvadratmetrinə 1180 ABŞ dolları ödəməlidir. Kirayə qalmaq istəyənlərsə evin hər kvadratmetrinə 7 dollar ödəməlidirlər. Cari İran (hicri-qəməri) təqvim ilində fəhlələrin ay üçün minimum əməkhaqqı sadəcə 227 dollardan bir qədər artıq olub. Bu isə o deməkdir ki, Tehranda yaşayan fəhlə biraylıq məvacibinə yalnız sahəsi 32 kvadrat metrdən artıq olmayan mənzil kirayələyə bilər.

«Şəhrvənd» qəzetində bir məqalədə deyilir ki, konteynerdən hazırlanmış bir evin kirayəsinə tələb olunan məbləğ adi evin kirayə haqqının 1/8-i qədərdir.

«Konteynerin hansı ərazidə yerləşməsindən və tipindən asılı olaraq, aylıq kirayə haqqı 12 dollardan 73 dollara qədər dəyişir», – daşınmaz əmlak agenti «Şəhrvənd» qəzetinə deyib.

İranlı millət vəkili Rezaei hökuməti əhalinin yoxsul təbəqəsinə, şəhər kənarlarında yaşayan insanlara yetərincə diqqət yetirmədiyinə görə tənqid edib. O deyib ki, belə gecəqondu məhəllələrinin yaranması gələcəkdə şəhərlərdə təhlükəsizlik problemləri yaradacaq, xəstəliklərin artmasına, əxlaq pozğunluğunun yayılmasına və başqa sosial problemlərə yol açacaq.

İranda gecəqondular
İranda gecəqondular

12-13 MİLYON NƏFƏR

«Hökumət rəsmilərinin boş vədlər verməyə son qoyaraq, imkanların bərabər paylanması, işsizliklə mübarizə, iqtisadi durumun və insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əməli işə keçməsinin vaxtı çatıb», – deyə o vurğulayıb.

İranda ümumilikdə nə qədər insanın karqo konteynerlərində yaşaması haqda dəqiq məlumat yoxdur. Ancaq ötən il İranın rifah qurumu gecəqondu məhəllələrinin yaranması və işsizlik səviyyəsinin artmasını İran üçün əsas təhlükələr sırasında göstərmişdi. Qurumun rəsmi məlumatında deyilirdi ki, iranlıların 12 milyondan 13 milyona qədəri (bu isə ölkənin ümumi əhalisinin 15-16 faizi deməkdir) belə gecəqondu məhəllələrində yaşayır.

İranın yollar və şəhər inkişafı naziri Abbas Akhoundi isə hətta ölkədə 19 milyon insanın gecəqondu məhəllələrində yaşadığını deyib. Bu, İranın ümumi əhalisinin 24 faizi deməkdir.

1979-cu il islam inqilabı ərəfəsində Tehran ətrafında gecəqondu məhəllələrinin artması şaha müxalif qüvvələrin ən çox qabartdığı məsələlərdən biri olub.

60 FAİZLİK İŞSİZLİK

Ötən ay İranın daxili işlər naziri Abdol-Reza Rahmani Fazli bəzi şəhərlərdə orta işsizlik səviyyəsinin 60 faizə çatdığını bildirmiş, buna görə narahatlıq ifadə etmişdi. Rəsmi statistikada ölkə üzrə işsizlik səviyyəsi 12.04 faiz göstərilsə də, Kirmanşah əyalətində bu göstərici 22 faiz, Çahar Mahal və Bəxtiyari əyalətlərində 20 faizdən bir qədər artıq, Kürdüstan əyalətində isə 15 faizdir.

Daxili işlər naziri İranda narkotiklərdən asılılıq, şəhər kənarlarındakı gecəqondu məhəllələri, boşanmalar və cinayətkarlıqla mübarizə kimi məsələlərin prezident Hassan Rouhani-nin prioritetləri arasında olduğunu deyib.

İranın kooperativlər, əmək və sosial rifah naziri Ali Rabiei ümumilikdə 3 milyon 200 min İran vətəndaşının işsiz olduğunu desə də, parlamentin tədqiqat mərkəzinin hesablamalarına görə, bu göstərici 6 milyon yarım – 7 milyon nəfər arasındadır.

Sosial rifah nazirinin müavini Hassan Taei universitet təhsilli vətəndaşlar arasında işsizlik səviyyəsinin 21.5 – 22 faiz olduğunu bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG