Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 08:57

İran etirazlarının 5 səbəbi


İranda etirazlarda ölənlərin sayı 10-a çatdı
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

İranda etirazlarda ölənlərin sayı 10-a çatdı

İranda ölkəboyu işsizlik və yaşayış standartlarının durğunluğundan narazı on minlərlə insanın etirazı prezident Hassan Rouhani-ni öz əsas iqtisadi xəttindən geri çəkilməyə vadar edə bilər.

«Fortune» jurnalı yazır ki, artıq azı 10 nəfərin ölümü ilə nəticələnmiş etirazlar 2016-cı ilin yanvarında böyük dövlətlərin İran üzərindən sanksiyaları götürməsinin gözlənilən iqtisadi yüksəlişə yol açmaması ilə bağlıdır.

Gözləntilərin böhranı

Sanksiyaların aradan qaldırılmasından sonra da ölkənin qeyri-neft sektoru ciddi problemlər yaşamaqdadır. Rəsmi işsizlik səviyyəsi 12.5% civarındadır. Ancaq reallıqda bu göstəricinin bundan xeyli yüksək olduğu və, əsasən, ölkənin milyonlarla gəncini əhatələdiyi bildirilir. İnflyasiya 10%-ə yaxındır.

«İranda gözləntilərin böhranı yaşanır. Bu, dərin iqtisadi xəyal qırıqlığı hissidir», – İstanbulda yerləşən Əl-Şərq Forumunun tədqiqatçısı Tamer Badawi deyir.

Bu narazılığı azaltmaq üçün Rouhani dövlət vəsaitlərindən yararlanaraq, iş yerləri açmağa, rialın məzənnəsini dəstəkləməklə inflyasiyanı zəiflətməyə, ölkədə geniş yayılmış korrupsiyanı yox etməyə səy göstərməlidir. Ancaq bütün bu addımlar ilk növbədə siyasi dəyişiklik tələb edir. Rouhani bu vaxta qədər İranın dəyişkən dövlət büdcəsinə nəzarəti təmin etməkdən ötrü mühafizəkar büdcə siyasəti yeridib. Bu yolla o, həm də xarici investorlara cəlbedici mühit yaratmağa çalışıb. Ancaq korrupsiya ilə mübarizə bu işdən ziyan görən güclü maraq qrupları ilə qarşıdurma riski yaradır.

«Herkules sınağı»

İranlı iqtisadçı, Londonda yerləşən «Betamatrix» konsaltinq şirkətinin enerji risklərinin təhlili şöbəsinin rəhbəri Mehrdad Emadi hesab edir ki, Rouhani «Herkules sınağı» ilə üz-üzədir və bu, korrupsiya ilə mübarizədə xüsusilə aydın görünür. Ancaq o, Rouhani-nin başqa çıxış yolunun olmadığını da söyləyir:

«İnsanlar get-gedə daha da çarəsizləşirlər. Bu vəziyyətdə dövri etirazlar baş qaldıracaq».

İranda etirazlarda azı 2 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

2013-cü ildə hakimiyyətə gələndən sonra Rouhani qısa zamanda sələfi Mahmoud Ahmadinejad-ın israfçı fiskal və monetar siyasətini dəyişməli oldu. Hökumət xərclərini azaltmaq üçün o, ilk növbədə aşağı və orta gəlirli vətəndaşlara pul yardımlarını məhdudlaşdırdı.

Ötən ay prezident martın 21-i başlayacaq yeni İran təqvim ili üçün yeni mühafizəkar büdcə planını parlamentə təqdim edib. Ümumi həcmi 104 milyard dollar olan bu yeni büdcə, hazırkı inflyasiya dərəcəsi nəzərə alınmaqla, bu ilin büdcəsindən 6% artıqdır.

Bu qənaət siyasəti cəmiyyətdə xoş qaşılanmayıb, çünki sanksiyaların sona çatmasına baxmayaraq, ölkə iqtisadiyyatı ciddi çətinliklərlə üzləşməkdədir. Bir çox xarici bank və şirkətlər İrana sərmayə yatırmağa tərəddüd edirlər. Bu, qismən ABŞ prezidenti Donald Trump-ın Tehrana münasibətdə sərt siyasət yürütməsi ilə bağlıdır.

İşsizlik 45%-ə çatıb

Emadi-nin də iştirak etdiyi araşdırmanın nəticələrinə görə, İran xalqı ölkə iqtisadiyyatından beş əsas səbəbə görə narazıdır: işsizlik, aşağı alıcılıq qabiliyyəti, korrupsiya, rialın zəifliyi və İranın bölgələri arasında sərvətin qeyri-bərabər paylanması.

Araşdırmanın nəticələrinə görə, bu il ərzində iranlıların bu siyahıdakı ilk üç göstərici ilə bağlı düşüncəsi pisləşib. İranın bəzi cənub-şərq bölgələrində gənclər arasında işsizlik 45%-ə çatıb, iş bazarı isə kiçilməkdədir. Əgər bir il öncə 1 ABŞ dollarının məzənnəsi 36 min rial idisə, hazırda 42 min 900 rialdır. Rouhani administrasiyası İranın xarici valyuta ehtiyatlarından yararlanaraq, rialı dəstəkləyə bilər. Ancaq ötən ay Beynəlxalq Valyuta Fondu bunun xarici investisiyaların ölkəyə cəlbinə mənfi təsir göstərə biləcəyi haqda xəbərdarlıq edib.

Tehranda etirazçılar Ali Khamenei-nin posterlərini sökür
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Emadi iqtisadiyyatın bu qədər çətin durumda olmasını dərin struktur problemləri ilə əlaqələndirir. O buraya, ilk növbədə, İslam İnqilabı Keşikçiləri Korpusu kimi hərbiləşdirilmiş dəstələrin və dini institutların biznesə təsirini aid edir.

İş dünyasında şəffaflıq

Bəzi hesablamalara görə, İranda aktivlərin 60%-dən çoxuna nəzarət edən bu maraq qrupları, adətən, vergi ödəmir. İqtisadçı deyir ki, onlar bu yolla kiçik özəl şirkətlərin rəqabətə davamlığını süni azaldaraq yeni iş yerlərinin açılmasının qarşısını alır.

Emadi-nin sözlərinə görə, Rouhani administrasiyası bu problemi həll etməkdən ötrü həmin qurumlara öz mühasibat kitablarını vergi auditlərinə açmaları üçün təzyiq edir. O, həm də iş dünyasında daha çox şəffaflıq tələb edir.

Ancaq Badawi-nin proqnozuna görə, iqtisadiyyatın durumunu qısa zamanda yaxşılaşdırmaq hökumətə çətin olacaq.

Təhlilçi qeyd edir ki, hökumət yeni iş yerlərinin açılacağına söz versə də, pul yardımları ilə bağlı qərarından geri çəkilməsi ehtimalı çox aşağıdır. Yalnız uzunmüddətli perspektivdə iqtisadiyyat şaxələndirilə və bank sistemi borc girdabından çıxarıla bilər.

«Düşünürəm ki, ciddi heç nə dəyişməyəcək. Hökumət insanlarla açıq olmağa, təşəbbüslər irəli sürməyə çalışacaq, ancaq struktur problemləri var – diversifikasiya, bank problemləri və ətraf dünya, xüsusən də Trump-la münasibətlər», – o deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG