Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:58

İranda ‘ət qiyamı’


İranda bazar, arxiv fotosu
İranda bazar, arxiv fotosu

İranda qırmızı ətin qəfil bahalanması ictimaiyyəti qəzəbləndirib. Hakimiyyət isə bu qəzəbə qiymət artımını danmaqla, hökuməti tənqid edən məqaləyə görə qəzetə hücumla cavab verib.

İslam respublikasında bir neçə aydır hökumətə qarşı etirazlar davam edir, Tehrana beynəlxalq sanksiyalar qüvvədədir və ölkənin təcridi dərinləşir. Bütün bunların fonunda məhsulların qiymətləri artır.

Tehran sakinləri fevralın 17-də sümüksüz qoyun ətinin kilosunun 5 milyon riala ($10) satıldığını bildiriblər. Bu, son həftələr ərzində 10 faizədək artım deməkdir.

Yarırəsmi ILNA xəbər agentliyi bu yaxınlarda yazırdı ki, son bir ildə qırmızı ət 90 faizədək bahalanıb. Yəni, ət dolanışığı çətin keçən iranlıların çoxu üçün əlçatmaz təama çevrilməkdədir.

Son həftələr milli valyuta rial dəyərsizləşdikcə digər ərzaq məhsulları, o cümlədən çörək, süd məhsulları, bitki yağı da bahalanıb.

Rial fevralın 20-də ABŞ dollarına qarşı rekord həddə ucuzlaşıb, məzənnə 501 min 300 rial olub.

İran Statistika Mərkəzinin fevralın 20-də yaydığı məlumata görə, fevralın 19-da bitən Bəhmən ayında ərzaq və içkilər üzrə illik inflyasiya 70 faizə yaxın olub.

Hökumətə qəzəbin qaynağı

İranlıların çoxu qiymət artımına görə ultra-mühafizəkar prezident İbrahim Rəisi hökumətini günahlandırır. 2021-ci ildə hakimiyyətə gəlmiş Rəisi ABŞ sanksiyaları, illərin yanlış idarəçiliyi altında əzilən iqtisadiyyatı dirçəltmək vədi vermişdi.

Ancaq Rəisi vəzifəyə keçəndən Qərblə 2015-ci il nüvə sazişini canlandırmağı hədəfləyən danışıqlar səngiyib. Həmin saziş Tehranın həssas nüvə fəaliyyətini məhdudlaşdırması qarşılığında beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. Bu isə İranda iqtisadi vəziyyəti pisləşdirib, iranlıların çoxunu yoxsulluğa sürükləyib.

Hökumətə qarşı etirazların amansızlıqla yatırdılması, Ukraynada müharibə aparan Rusiyanın döyüş dronları ilə təchiz olunması isə Tehranı daha da təcrid vəziyyətinə salıb.

Rəsmilər qiymət artımını inkar etməyə çalışıblar.

“Qırmızı ətin bahalanması barədə yazılanlar kiberməkanda neqativ mühit yaratmaq səylərinin nəticəsidir”, – Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Məsud Əmrullahi fevralın 21-də deyib.

Tehranda bələdiyyə rəsmisi Əyub Fesahat isə qoyun ətinin 5 milyon riala satılmasını inkar edib. Onlarla iranlı onun dediklərini təkzib edib, supermarketlərdən ətin bahalandığını göstərən fotolar paylaşıblar.

Qəzet manşetin güdazına gedib

İctimai qəzəbin qızışdığı bir dönəmdə hakimiyyət fevralın 20-də “Sazandegi” qəzetini bağlayıb. Həmin gün qəzetin manşet yazısı “Ət qiyamı” adlanırdı. Daha öncə də hökuməti tənqid etmiş qəzet “saxta kontent” yaymaqda, “ictimai rəyi pozmaq”da ittiham olunub.

Qəzetin baş redaktoru Əkbər Montacabi media orqanının məhz gözəgirən başlığına görə hədəfə alındığını düşünür.

“Belə eşitdik ki, prezident və hökumət üzvləri ‘Ət qiyamı’ başlığından qeyzləniblər. Nəticədə təhsil naziri idarə heyətinin qəzeti bağlamasını istəyib”, – Montacabi fevralın 21-də yerli mediaya deyib.

“Hammihan” qəzeti isə fevralın 21-də redaksiya məqaləsində yazıb ki, “Sazandegi”nin bağlanmasına hökumətin “qəzəbi” səbəb olub.

“Hökumət əhalinin problemlərini həll edə bilmir, vədlərini yerinə yetirməyə heç yaxın düşməyib, acığını çıxarmağa günah keçisi tapmalıydı”, – “Hammihan” yazıb.

Mübarizə planında nələr olacaq

Kənd Təsərrüfatı Nazirliyi fevralın 21-də ətin bahalanması ilə mübarizə planını açıqlayıb. Nazirlikdən Əmrullahi deyib ki, qanunu pozanlar cəzalandırılacaq. Ancaq detalları açıqlamayıb. O, ətin ortalama qiymətinin 2 milyon 800 min – 2 milyon 950 min rial olduğunu deyib.

Tehrandan anonimlik şərtilə danışan bir jurnalistin AzadlıqRadiosuna dediyinə görə, iranlılar getdikcə artan qiymətlər ucbatından əsas ərzaqları, o cümlədən meyvə ala bilmirlər.

“O gün bəzi şeylər almağa çıxdım. Axırıncı bazarlıqla müqayisədə qiymətlər artmışdı, hər şeyi ala bilmədim. Getdikcə daha çox adam belə durumla üzləşir”, – jurnalist vurğulayıb.

Son illər İranda bahalanma, işsizliyin artması, yoxsulluq müəllimlərin, təqaüdçülərin, avtobus sürücüləri və digər işçilərin küçə etirazlarına səbəb olub.

Sentyabrda isə hicab qaydasını pozmağa görə saxlanmış gənc qadının polisdə ölümü ölkə boyunca etirazlara səbəb olub.

XS
SM
MD
LG