AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yüksək vəzifəli İran və Ermənistan rəsmilərinə istinadən yazır ki, Yerevan İrandan daha böyük həcmdə təbii qaz alacağına dair Tehranla razılığa gəlib.
Xəbərdə deyilir ki, bu barədə razılaşma Ermənistan ərazi idarəetmə və infrastruktur nazirinin gələn həftə İrana səfəri zamanı sənədləşdiriləcək.
Ermənistan ərazi-idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Azatutyuna deyib ki, İran və Ermənistan arasında “qaz əvəzinə elektrik” sazişinin müddəti 2026-cı ildə başa çatır.
Bu sazişin 2030-cu ilədək uzadılması, habelə İrandan alınan qazın həcmlərinin artırılması planlaşdırılır.
Şimal-Cənub enerji dəhlizi hazır olanadək
Hazırda İrandan Ermənistana ildə 365 milyon kubmetr qaz ixrac olunur.
Nazir müavini deyib:
“Əldə olunmuş razılaşmaya əsasən Şimal-Cənub enerji dəhlizi hazır olanadək bu həcm ildə 600 milyon kubmetrə çatdırılacaq. İnfrastruktur yaradıldıqdan və qazın dəyərini elektriklə ödəmək imkanımız olduqdan sonra İrandan alınacaq qazın həcmləri ildə 1.5-1.8 milyard kubmetrə çatdırılacaq”.
Rəsmi əlavə edib ki, hazırda Ermənistanın elektrik istehsalı ilə bağlı problemi yoxdur və çətinlik yalnız bu elektrikin ötürülməsi üçün infrastrukturun olmamasıdır.
Azatutyun İran rəsmilərinə istinadən yazır ki, Tehran Yerevanla İran qazının Ermənistan istehlakçılarına satışı, habelə İran qazının Ermənistan ərazisi ilə başqa ölkələrə nəqli məsələsini müzakirə edir.
Gürcüstana və başqa ölkələrə tranzit
Bu da xəbər verilir İran enerji nazirinin müşaviri Məhəmmədəli Fərəhnakian hazırda Yerevanda səfərdədir.
O mayın 11-də ikitərəfli hökumətlərarsı komissiyanın Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və İranın enerji naziri Əli Əkbər Mehrabianın sədrliyi ilə keçirilən iclasında iştirak edib.
Fərəhnakian Azatutyuna deyib:
“Sizə bildirməkdən məmnunam ki, biz İran qazının Ermənistana nəqli imkanlarını müzakirə edirik. Söhbət təkcə elektrik enerjisinin alınması üçün istifadə olunan qazdan yox, başqa istehlakçılara satışdan da gedir. Qazın İran ərazisindən svop sxemi ilə Ermənistan ərazisi ilə hətta Gürcüstana və başqa ölkələrə nəqli variantı da müzakirə olunur”.
Azatutyun bildirir ki, ötən il Ermənistan və İran arasında ikitərəfli ticarətin həcmi 25 faiz artaraq 500 milyon dolları keçib.