Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:54

İran İsraillə matçdan imtina etdiyinə görə beynəlxalq yarışlardan çıxarıldı


Dünya çempionu Saeid Mollaei

İran öz idmançılarının İsrail idmançıları ilə görüşündən imtina etdiyinə görə qeyri-müəyyən müddətə beynəlxalq cüdo yarışlarından xaric edilib.

Beynəlxalq Cüdo Federasiyası (BCF) ötən ay İran cüdoçusunun gələn dövrədə İsrail idmançısı ilə görüşdən yayınmaq məqsədilə bundan əvvəlki matçı bilərəkdən uduzmasına dair iddiaların araşdırılması müddətində İrana müvəqqəti qadağan qoymuşdu.

BCF-in oktyabrın 22-də verilmiş bəyanatında deyilir ki, 2019-cu ildə Tokioda keçirilmiş Dünya Cüdo Çempionatında baş vermiş hadisələrdən sonra İran Cüdo Federasiyasının bütün yarışlardan məhrum edilməsinə dair yekun qərar qəbul edilib.

Bundan əvvəl dünya çempionu Saeid Mollaei ötən avqustda etiraz olaraq İran komandasını tərk etmişdi. O bildirmişdi ki, ondan 81 kiloqramlıq çəki kateqoriyasının finalında İsrail idmançısı ilə görüşməməsi üçün yarımfinalı uduzmaq tələb olunub.

27 yaşlı Mollaei yarımfinalı uduzmuş və bundan sonra üçüncü yer uğrunda matçda da məğlub olmuşdu.

Mollaei bunu da deyib ki, ona yarışdan çıxmağı İranın Cüdo Federasiyasının və Olimpiya Komitəsinin prezidentləri tapşırmışdılar.

İran federasiyası çempionatdan çıxması üçün Mollaeiyə təzyiq göstərildiyini təkzib edib.

Lakin BCF-in intizam komissiyasının araşdırmasının nəticələrinə görə İranın hərəkətləri “BCF nizamnaməsinin ciddi şəkildə pozulması” deməkdir.

Hesabatda bu da deyilir ki, İran üzərində qadağan İran Cüdo Federasiyası BCF-in nizamnaməsinə əməl edənədək və İsrail idmançılarına qarşı yarışlara qatılmaq qərarı verənədək davam edəcək.

Mollaei hazırda Almaniyada gizlənir.

Mollaei sentyabrın 4-də AzadlıqRadiosuna demişdi ki, o Almaniyadan sığanacaq istəmir, lakin həyatını dəyişmək niyyətindədir.

İdmançı bildirmişdi ki, “o bundan sonra bu kimi problemlərlə üzləşmək istəmir”.

İran İsrail dövlətini tanımır və İranın idman komandaları israillilərlə yarışlarda iştirak etməmək prinsipinə əməl edir.

Tokio Olimpiadasına doqquz ay qalmış baş vermiş bu qalmaqal İranın idman reputasiyasına ciddi zərbə olub.

Cüdo İran idmanınında güclü növlərdən biridir və Tehranın BCF-in qərarından şikayət edəcəyi gözlənilir.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG