Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:42

Almaniya iranlı diplomatı Belçikaya ekstradisiya etmək istəyir


Almaniya məhkəməsi terrorizm şübhəlisi kimi həbs edilmiş İran diplomatının Belçikaya ekstradisiyası barədə qərar qəbul edib.

Ötən iyulda Almaniyada həbs edilənədək Assadollah Assadi Avstriyada işləyirdi. Oktyabrın 1-də keçirilən məhkəmə dinləməsində deyilib ki, onun diplomatik toxunulmazlığı ekstradisiyasına əngəl törətmir.

Bavariyanın Bamberq şəhərindəki Yüksək Regional Məhkəmənin qərarında deyilir ki, şübhəli özünün diplomatik toxunulmazlıq hüququndan istifadə edə bilməz, çünki o diplomatik missiyasından kənarda olan ölkədə saxlanıb”.

Bununla belə İranın Vyanadakı konsulu olan Assadinin Belçikaya nə vaxt təslim ediləcəyi bilinmir.

Belçika hakimiyyət orqanları Assadi-ni İran müxalifətinin Fransada keçirilmiş nümayişinə bomba hücumu planlaşdırmaqda ittiham edir.

İndilik şübhəlinin Almaniya həbsxanasında saxlanacağı bildirilir.

İran tərəfi belə bir qəsdin mövcud olduğunu inkar edir. İran xarici işlər nazirinin müavini Abbas Araghchi deyib ki, bu iddialardan məqsəd “İran-Avropa İttifaqı münasibətlərini pozmaqdır”.

Oktyabrın 1-də İran XİN-in sözçüsü Bahram Qassemi deyib ki, o, “Almaniya tərəfinin işin mahiyyətini anlayaraq iranlı diplomatı İrana göndərəcyinə ümid edir”.

İran tərəfindən hazırlandığı deyilən bu qəsdlə bağlı iş dörd Qərbi Avropa ölkəsi ilə əlaqəlidir. Bunlar Fransa, Belçika, Lüksemburq və Almaniyadır.

İyunun 30-da İran müxalifətinin nümayəndələri Paris ətrafındakı Villepint şəhərində nümayişə toplaşmışdılar. İranın Parisdə mənzillənmiş Milli Müqavimət Hərəkatı İran ruhani rəhbərliyinin devrilməsinə çalışır.

Həmin gün Brüsseldə hüquq-mühafizə orqanları İran əsilli ər və arvadı 500 qramlıq partladıcı maddə və detonatorla saxlayıblar.

Bu iki nəfərin İran əsilli Belçika vətəndaşı olduqları bildirlir və onların adları şərti olaraq Amir A. və Nasimeh N. kimi göstərilir.

Bu arada verilən məlumata görə Fransa polisi sözü gedən ər-arvadla əlaqəsi olan Merhad A. adlı şəxsi Parisdə saxlayıb.

Assadi iyulun 1-də Bavariyadakı Aşafenburq şəhəri yaxınlığında Avropa orderi ilə saxlanıb.

Almaniya prokurorları deyirlər ki, Assadi kəşfiyyat agentidir və sözü gedən ər-arvadla iyunun axırlarında Lüksemburqda görüşüb. Bu da iddia edilir ki, Assadi məhz həmin görüş zamanı partladıcıları ötürüb.

Bu həbsdən sonra Avstriya Xarici İşlər Nazirliyi İranın Vyanadakı səfirini izahat üçün dəvət edib.

Buna cavab olaraq eyni hadisə ilə əlaqədar Fransa, Almaniya və Belçikanın Tehrandakı səfirləri İran XİN-ə dəvət ediliblər.

XS
SM
MD
LG