Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:12

Ruhaninin Bakı səfərinin 'iqtisadi yükü'


İ.Əliyev və H.Ruhani
İ.Əliyev və H.Ruhani

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb. Rəsmi məlumatda deyilir ki, iki dövlət başçısı təkbətək görüşəcəklər, eləcə də Neftçalada avtomobil zavodu və Astara-Rəşt dəmiryolu xəttinin açılışında iştirak edəcəklər.

İki ölkə arasında sənaye, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrində sənədlərin imzalanacağı gözlənilir.

İqtisadi tərəfi «daha ağır» basan səfər

Elə yerli politoloqlar da bu səfərdən siyasi deyil, iqtisadi nəticələr gözləyirlər.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov AzadlıqRadiosuna deyir ki, Ruhaninin səfəri daha çox dəmiryol xəttinin açılışı ilə bağlıdır, nəinki siyasi məsələlərlə.

N.Cəfərli
N.Cəfərli

REAL-ın icra katibi, iqtisadçı Natiq Cəfərli də bu səfərin iqtisadi tərəfinin «daha ağır» olduğunu düşünür:​ «İqtisadi müqavilələrin bağlanması gözlənir. «Şimal-Cənub» dəmiryol dəhlizi ilə bağlı tamamlama işləri yönündə müqavilə bağlanacaq. Azərbaycan bu layihədə də əsas kreditordur. Azərbaycan Neftçalada növbəti dəfə eksperiment aparacaq. İranla avtomobil istehsalı yox, yığılması ilə bağlı zavod işə düşməlidir».

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Tehran sözügedən nəqliyyat xəttinin işə düşməsində çox maraqlıdır: «Artıq Azərbaycanın İrana 500 milyon dollar kredit verəcəyi rəsmiləşdirilməlidir. Nəticədə Rəşt-Astara dəmiryolu inşa ediləcək. Azərbaycan bu yolun qısa zamanda inşasında maraqlıdır».

İran prezidenti H.Ruhani səfər öncəsi Tehranda jurnalistlərə deyib ki, Rəşt-Astara dəmir yolu və Xəzər dənizində neft və qaz yataqlarının birgə istismarı barədə iki ölkə arasında sənədlər imzalanacaq. O, Rəşt dəmir yolunun Astaraya birləşdirilməsi ilə İranın Qafqaza, Rusiya və Avropaya birləşmiş olacağını bildirib.

«Neft yataqları ilə bağlı razılıq əldə edilməsə də...»

Yerli politoloqlar səfər əsnasında siyasi məsələlərin də müzakirəsini istisna etmirlər. Hərçənd, E.Şahinoğlu siyasi mövzuda qısa fikir mübadiləsi aparıla biləcəyini söyləsə də, hansısa məsələdə razılaşma əldə olunacağını gözləmir.

R.Musabəyov
R.Musabəyov

Deputat R.Musabəyovun isə səfərdən müsbət gözləntiləri var, ən azı, Xəzərin statusu ilə bağlı: «Gözlənilir ki, Xəzərin statusu ilə bağlı tərəflər bu il ortaq məxrəcə gəlsinlər. Bu məsələ tam həll edilməsə də, yəni gərginliyə səbəb olan neft yataqları ilə bağlı razılıq tam əldə edilməsə də, nədəsə ortaq məxrəcə gəlmək müəyyən inkişafdır. Düşünürəm ki, Azərbaycan İranla yaxşı münasibətlərdə maraqlıdır. Elə İran da bunda maraqlı olmalıdır».

«Bu səfəri ABŞ xoş qarşılamaya bilər»

N.Cəfərli səfərin siyasi mesaj verəcəyini də istisna etmir: «Son zamanlar Ankara ilə Bakı çalışır ki, bu bölgədə Gürcüstan, İran, Rusiya, Azərbaycan, Türkiyə barışdırıcı mövqe tutsun. Bu mənada səfərin önəmi var. Amma indiki halda Tehranla Vaşinqton arasında gərginlik davam etməkdədir və bu baxımdan, Ruhaninin Azərbaycana səfəri ABŞ tərəfindən xoş qarşılanmaya da bilər».

Bir neçə il öncəyə qədər iki ölkə arasında gərginlik yaşanırdı. İran bir neçə dəfə Azərbaycanın sərhədlərini pozmaqla Bakıya sayğısızlıq nümayiş etdirmişdi. Amma indiki İran rəhbəri H.Ruhani səfərdən öncə Tehranda mətbuata iki ölkə əlaqələrinin «çox yaxşı səviyyədə» olduğunu, bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial olduğunu vurğulayıb.

E.Şahinoğlu
E.Şahinoğlu

İran nədən narazıdır

Politoloq E.Şahinoğlu da deyir ki, son illər münasibətlərdə normallaşma və inkişaf xətti seçilib. Onun qənaətincə, bu da iki ölkənin gerçəkləşdirdiyi iqtisadi layihələrlə bağlıdır. Hərçənd, politoloq bəzi siyasi problemlərin əvvəlki kimi çözülməmiş qaldığını bildirir: ​«Azərbaycan əvvəlkitək İranın Ermənistanla əlaqələrindən narahatdır. Düzdür, Bakı bunu açıq dilə gətirmir, onun daxili işinə qarışmır. Amma son zamanlar elə Ermənistanda da İrandan narahatlıqlar dilə gətirilir, Tehran Yerevana söz verdiyi iqtisadi layihələri yerinə yetirməməkdə tənqid olunur. İran o vədləri yerinə yetirməyəcək də. Çünki Azərbaycanla daha böyük layihələr reallaşdırılır, pulu var, kredit verə bilir, Ermənistanın isə belə imkanı yoxdur».

E.Şahinoğlunun qənaətincə, Tehranla Yerevan arasında narazılıq yaranması Bakının maraqlarına da uyğundur. Amma bununla belə, İranın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olacağını düşünmür. Bundan başqa, İran Azərbaycanın ABŞ-la, İsraillə münasibətlərindən narahat olduğunu gizlətmədiyini də yada salır.

«Buna görə də siyasi müstəvidə sıx tərəfdaşlıqdan danışmaq tezdir», - söyləyən E.Şahinoğlu əmindir ki, zamanla iqtisadi layihələr siyasi müstəvidə də problemləri arxa plana ata, uzlaşma yarana bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG