Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:52

Azərbaycan İranla dostlaşırmı?


Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Seyid İbrahim Rəisi
Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Seyid İbrahim Rəisi

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də axşam Tehrana səfər edib. O, İranın yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirməli, ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə etməlidir.

Oktyabrın 4-də Xəzərdə Azərbaycan-İran birgə təlimlərinin keçirilməsi barədə razılıq da əldə edilib.

Xələfovun səfəri Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tehran görüşlərindən sonra baş tutur.

Yaxın aylara qədər...

Yaxın aylara qədər Azərbaycan və İran arasında müəyyən gərginlik yaşanırdı. Son illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlara səbəb olmuşdu. Hətta bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi. Ardınca da Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla ( ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları da bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma son aylar hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa aid fikirlər səsləndirirlər.

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

"Yeni müzakirə məsələləri meydana gəlir"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu "Turan"a bildirib ki, İranla Azərbaycan qonşu dövlətdirlər və bu iki ölkə "Şimal-Cənub" nəqliyyat dəhlizinin iştirakçısıdır: "Hansı kı, regionda və regiondan kənarda nəqliyyat logistikasının inkişafı baxımından çox vacibdir".

Deputat Azərbaycanla İran arasında münasibətlərin tam qırılma nöqtəsinə gəldiyini düşünmür: "Bəli, Azərbaycanın bir sıra haqlı mövqeləri mövcud idi. Məsələn, arzuolunan idi ki, Azərbaycanın bütün dostu, tərəfdaşı kimi, İran da Ermənistanın işğalçılıq siyasətini pisləsin. Təəssüf ki, bu, baş verməmişdi. Amma bu, İranla Azərbaycanın əlaqələrinin kəsilməsini şərtləndirən səbəb ola bilməzdi".

E.Mirbəşiroğlu bildirib ki, Azərbaycan bütün ərazisi boyunca suverenitetini bərpa edib və bu, yeni siyasi reallıqlar yaradıb: "Bunun fonunda həm İranla, həm də əməkdaşlıq etdiyimiz digər ölkələrlə yeni müzakirə məsələləri meydana gəlir".

V.Hacıbəyli
V.Hacıbəyli

"Yeni yaranmış situasiyada..."

Siyasi şərhçi Vaqif Hacıbəyli də səfərin nəticələrini böyük ümidlə gözləyir. "Çünki Zəngəzur dəhlizi (Ermənistandan keçəcəyi ilə bağlı müzakirələr gedən yol) ilə bağlı İranın münasibəti çox narahatedici idi. İran Zəngəzur dəhlizinin çəkilməsinə qarşı çıxırdı. Amma sonra belə bir təklif oldu ki, həmin avtomobil yolu İran ərazisindən keçsin. Biz bu istiqamətdə İranla razılığa gəlməliyik və bu xətt açılmalıdır ki, insanlar maneəsiz həm Naxçıvana, həm Türkiyəyə gedə bilsinlər", - o, AzadlıqRadiosu ilə fikirlərini bölüşür.

N.Məmmədli
N.Məmmədli

"Təhlükəsizliyimizin əsas qarantı Qərbdir"

Siyasi təhlilçi Nəsimi Məmmədli isə deyir ki, hazırda geosiyasi proseslərin çox sürətlə dəyişməsi ölkələr arasında münasibətlərin də tez-tez dəyişməsinə səbəb olur: "Azərbaycan-İran münasibətlərinə iki istiqamətdən - strateji və taktiki münasibətlər kontekstində baxmalıyıq. Hazırda bu iki istiqamətdə ziddiyyətli və mürəkkəb münasibətlərlə yanaşı, əməkdaşlıq meylləri də var".

Onun sözlərinə görə, strateji baxımdan İranla Azərbaycan arasında ciddi problemlər olsa da, taktiki baxımdan əməkdaşlıq zəruridir: "Azərbaycan regionun böyük dövlətləri ilə dərin ziddiyyətlərdən yayınmaq, mümkün qədər əməkdaşlıq imkanlarını saxlamaq istəyir. Amma Azərbaycan üçün, əlbəttə, Qərb daha etibarlı tərəfdaşdır. İqtisadi münasibətlərimizin, təhlükəsizliyimizin əsas qarantı Qərbdir".

XS
SM
MD
LG