Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 01:40

Bakı İran məsələsində 'odla su arasında'


İranla Azərbaycan arasında ilk yük qatarı. 8 fevral 2018
İranla Azərbaycan arasında ilk yük qatarı. 8 fevral 2018

«Sanksiyalar Azərbaycan-İran iqtisadi əlaqələrinə təsirsiz ötüşməyəcək», – iqtisadçı İlham Şaban ABŞ-ın üç il öncə imzalanmış İran nüvə sazişini tərk etməsi haqda danışarkən söyləyir.

«Mən sadəcə, bir misal çəkəcəm. Azərbaycanla İran arasında 2011-ci ildə ticari dövriyyə təxminən 400 milyon dollara yaxın idi. Ancaq 2014-cü ildə bu göstərici ən aşağı həddə düşdü, təxminən 120-130 milyon dollara. Bu da sanksiyaların nəticəsi idi. Ancaq rəsmi rəqəmlərə görə, ötən il bu rəqəm 267 milyon dollara qədər artıb. 2015-ci ildən sonra sanksiyaların yumşaldılması iki ölkə arasında ticari əlaqələrə də təsirini göstərib», – o, sözlərinə əlavə edib.

İ.Şaban
İ.Şaban

Birləşdirici rol

Bakının son zamanlar haqqında fəxrlə danışdığı layihələrdən biri Rəşt-Astara dəmiryolunun inşasıdır. İrana sanksiyaların tətbiqi bu layihənin aqibətinə necə təsir göstərə bilər?

İqtisadçı bu sualı cavablandırmaqda çətinlik çəkdiyini bildirir. İ.Şaban diqqəti ona yönəldir ki, bu layihə sırf iki ölkə arasında gerçəkləşdirilən infrastruktur layihəsi deyil:

«Azərbaycan bu «Şimal-Cənub» layihəsində birləşdirici rol oynayır, necə ki «Şərq-Qərb» layihəsində. Çindən gələn yüklərin istər Gürcüstana, istərsə də Türkiyəyə daşınmasında öz rolumuzu dünyaya təklif etmişdik. Burda münbit tranzit şərait yaratdıq ki, kim istəyir, yararlansın. O cür də «Cənub-Şimal» layihəsi təklif edilib, burda maliyyə töhfəmiz də olub. Məsələni qəlizləşdirən problem odur ki, Azərbaycanın şimalındakı qonşusu da, cənubundakı qonşusu da sanksiyalar altındadır. Bu o ölkələrə, şirkətlərə nə dərəcədə təsir edəcək, indidən demək çətindir. Vaxtilə İrana Qərbin sanksiyaları sərtləşdiriləndə Dubaydakı şirkətlər Azərbaycana, Qazaxıstana yükləri Gürcüstan üzərindən göndərirdilər. Belə bir praktika olub. İndi necə olacaq, bilmirəm».

İ.Şaban deyir ki, bu sualların cavabı daha dəqiq Ağ evin atacağı addımlardan, müttəfiqləri ilə münasibətlərdən asılı olacaq:​ «Trampın çıxışında «daha sərt» ifadəsi işlədilib. Ola bilsin, «daha sərt» ifadəsi Vaşinqtonun Bakı ilə əməkdaşlıq münasibətləri nəzərə alınaraq bu layihəyə, yəni «Rəşt-Astara»ya şamil edilməsin. Necə ki vaxtilə İran şirkəti Britaniya layihələrindən çıxarılsa da, «Şahdəniz»də qalmasına irad tutulmadı».

Donald Trump ABŞ-ın İranla nüvə sazişindən çıxacağını elan edir
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Odla su arasında?

Siyasi şərhçi Şahin Cəfərli də sanksiyaların İranda iqtisadi problemləri dərinləşdirəcəyini və bunun Azərbaycan-İran iqtisadi əlaqələrinə də təsirsiz ötüşməyəcəyini güman edir:

«Məsələn, «Şimal-Cənub» nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisi üçün Azərbaycanın İrana ayırdığı 500 milyon dolların bu ölkəyə köçürülməsi mümkün olmaya bilər, hələ köçürülməyibsə. İranla həyata keçirilən bəzi layihələrin (məsələn, avtomobil istehsalı) icrasında da problemlər yaranması mümkündür. Amma gözlənilən neqativ təsirləri çox şişirtməyə dəyməz. Çünki Azərbaycan sanksiyaların ən sərt dövründə də İranla normal əməkdaşlıq edirdi».

ABŞ prezidentinin son qərarı Azərbaycanda politoloqlar arasında da diqqətlə izlənməkdədir. Prezident Donald Trampın davranışına haqq qazandıran da var, onu qınayan da. Rəsmi Bakı baş verənlərə münasibətini hələlik açıqlamayıb.

Bu baş verənlər Bakını siyasi baxımdan odla su arasında qoymayacaq ki?

«Azərbaycan hakimiyyəti İranla münasibətlərdə çox ehtiyatlı və düzgün siyasət qurub. Yəni nə konfrontasiyaya gedir, nə də həddən artıq yaxınlaşır. Yəni hörmət, ehtiramla məsafə saxlayır», – azərbaycanlı politoloq Zərdüşt Əlizadə belə hesab edir. Buna görə də gözlənilən sanksiyaların Azərbaycan- İran münasibətlərinə təsir göstərəcəyini gözləmir.

«Bu, hələ başlanğıcdır»

Elə Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan da Vaşinqtonun İranla bağlı nüvə sazişindən çıxmasının İran-Azərbaycan əlaqələrinə və ya Azərbaycan-ABŞ münasibətlərinə elə bir ciddi təsir göstərəcəyini düşünmür:

S.Soltan
S.Soltan

«Sadəcə olaraq, İrana qarşı BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində sanksiya tətbiq edilərsə, o zaman da Azərbaycan da adıçəkilən qurumun sanksiyaları və yaxud da qətnamələri çərçivəsində İrana münasibət göstərəcək. Bu, hələ başlanğıcdır. Bundan sonra ABŞ-ın İranla bağlı addımları, müttəfiqlərinə hansı formada müraciət edəcəyi hələ bəlli deyil. İndilik ABŞ 2015-ci ilin iyulunda qəbul edilmiş əhatəli razılaşma planından çıxdığını bəyan edir».

Araşdırma mərkəzinin rəhbəri deyir ki, sözügedən sazişdən çıxmaqla ABŞ İrana, ötən illərdə olduğu kimi, sanksiyalar tətbiq edəcək və həmin sanksiyalar da İranın nüvə proqramına dəstək verən şirkətlər, banklar, fiziki şəxslərlə bağlı olacaq.

«Əgər Azərbaycanın da o tip məsələlərlə əlaqəsi olarsa, heç şübhəsiz, Bakı da ABŞ-ın təzyiqlərinə məruz qala bilər. Amma ötən illərin təcrübəsi göstərir ki, Azərbaycanın İranla, daha dəqiq desək, bu ölkənin nüvə proqramıyla bağlı fəaliyyət göstərmiş hüquqi və ya fiziki şəxsi olmayıb. Buna görə də bu baş verənlərin Azərbaycana ciddi təsir göstərəcəyi ehtimalı azdır», – S.Soltan deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG