Birləşmiş Ştatlar və İran Vaşinqtonun Tehranın neft ixracatını bloklamaq səyləri üstündə bir-birlərinə təhdid səsləndiriblər.
Tehran bildirir ki, Amerikanın ixracatı bloklamaq cəhdlərinə başqa ölkələrin neft tankerlərinin Hörmüz boğazından çıxışını bağlamaqla cavab verə bilər.
Rohani iyulun 4-də Avstriyaya səfəri əsnasında demişdi ki, Vaşinqton neft məsələsində İranı sıxışdırmaq hədəsini reallaşdırsa, İran da Fars körfəzindəki qonşu ölkələrdən, məsələn Birləşmiş Ərəb Əmirliklərindən və Küveytdən neft daşımalarını poza bilər:
“Amerikalılar deyirlər ki, onlar İran neftinin ixracını sıfra endirmək istəyirlər. Bu onu göstərir ki, onlar bunun nəticələri barədə düşünməyiblər”.
İran prezidentinin bu bəyanatı dərhal İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandanı tərəfindən alqışlanıb. General-mayor Qasem Soleimani Rohaniyə ünvanladığı məktubda yazıb:
"Mən vaxtında verilmiş belə şərhə görə sizin əllərinizi öpürəm və sizin İslam respublikasına xidmət edən bütün əmrlərinizi icra etməyə hazıram”.
Rohani-nin bu bəyanatından əvvəl ABŞ bildirmişdi ki, Vaşinqton bütün dünya boyunca neft müştərilərini noyabrın 4-də ABŞ-ın Tehrana qarşı sanksiyalarının qüvvəyə mindiyi gündən İran neftinin alınmasını dayandırmağa çağırıb və neft alıcısı ölkələri cərimələrlə hədələyib.
Öz növbəsində Pentaqon İranın hədələrinə cavab olaraq bildirib ki, ABŞ donanması mühüm dəniz yollarının açıq saxlanması üçün bütün imkanlara malikdir.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Bill Urban iyulun 4-də deyib ki, ABŞ donanması və ABŞ-ın regional müttəfiqləri “beynəlxalq qanunların imkan verdiyi bütün məkanlarda naviqasiyanın azadlığını və ticari daşımaların sərbəstliyini təmin etməyə hazırdırlar”.
Rohani Vyanadaykən ABŞ-ın İran-ın həyati əhəmiyyətli neft ixracatını bloklamaq səylərini “cinayət və təcavüz” adlandırıb və Avropa liderlərini bu siyasətə müqavimət göstərməyə çağırıb.
Rohani Avropa liderlərinə xəbərdarlıq edib ki, onlar İranın nüvə sazişindən fayda götürməsini təmin etməli və 2016-cı ildə İran üzərindən qlobal sanksiyaların qaldırılmasından sonra İran neftinin sərbəst ixracına təminat verməlidirlər. O bildirib ki, əks halda Tehran da Vaşinqton kimi nüvə sazişindən çıxa bilər.
Almaniya, Britaniya və Fransa imzaladıqları nüvə sazişinıə sadiq qalacaqlarını vəd ediblər.
Birləşmiş Ştatlar habelə Yaponiya və başqa böyük neft idxalçılarına İran neftindən imtina etmələri üçün təzyiq göstərir.
Lakin Kyodo agentliyinin verdiyi xəbərə görə Tokio Vaşinqtona İrandan neft idxalını indikindən daha artıq azaltmağa və ya tamamilə dayandırmağa hazır olmadığını bildirib.